“Sumqayıt” rəhbərliyi baş məşqçi Aleksey Baqanın işindən narazıdır.
Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, belaruslu mütəxəssisin Azərbaycandakı gələcəyi qarşıdakı 2 oyundan asılıdır.
Premyer Liqanın ilk 4 həftəsində iki məğlubiyyət alan və iki heç-heçəyə imza atan “kimyaçılar” qarşıda “Neftçi” ilə səfərdə, “Şamaxı”yla evdə üz-üzə gələcək. “Gənclik şəhəri” təmsilçisi bu görüşlərdə uğurlu nəticə əldə etməsə, Baqadan istefa ərizəsi yazması istəniləcək.
Ötən ilin dekabrında bu posta gətirilən BATE-nin sabiq çalışdırıcısı “Sumqayıt”ı uğursuzluq zolağından çıxara bilməyib. Keçən mövsüm Premyer Liqanı 6-cı pillədə başa vuran kollektiv ölkə kubokunda da mübarizəni erkən dayandırıb və hazırda da autsayderlər qrupunda yer alıb.
Qeyd edək ki, bu mövsüm ilk baş məşqçi ayrılığı “Kəpəz”də yaşanıb. İlk 4 turda məğlubiyyətləri sıralayan Gəncə təmsilçisi Yaşar Vahabzadəni yola salıb.