“Sumqayıt” daha 3 futbolçu ilə rəsmən yollarını ayırıb.
Bu barədə apasport.az saytına “gənclik şəhəri” təmsilçisinin mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov məlumat verib.
O bildirib ki, müdafiəçi Camaləddin Xocaniyazov, yarımmüdafiəçi Elvin Məmmədov və hücumçu Əli Qurbani komandanı tərk edib. Ancaq onlardan Xocaniyazovla danışıqlar hələ də davam etdirilir. Məmmədov karyerasını “Şamaxı”da davam etdirəcək.
Əvəzində qapıçı Aydın Bayramov, müdafiəçi Yusif Nəbiyev, yarımmüdafiəçilər Süleyman Əhmədov və Araz Abdullayevin növbəti mövsümü də “kimyaçılar”da keçirəcəyi dəqiqləşib. Adıçəkilən oyunçuların müqaviləsində yer alan daha bir illik uzatma bəndi aktivləşdirilib. Təkcə Araz Abdullayevdə bu müddət 2 illik nəzərdə tutulub.
Qeyd edək ki, buna qədər Tellur Mütəllimov, Anatoli Nuriyev, Tərlan Əhmədli, Eltun Turabov, Rəhim Sadıxov, Andrey Popoviç və Dmitri Nağıyevlə yollarını ayıran “Sumqayıt” hələlik sadəcə Vüsal İsgəndərli və Stiven Pereyranı heyətinə qatıb. Vurğun Hüseynovla Vüqar Mustafayev isə yeni müqavilə imzalayıb.