“Sumqayıt”ın legioneri Cordan Rezabala Apasport.az saytına müsahibə verib:
- Hazırlıqlarınız davam edir. Toplanış necə gedir, yorğunluq var?
- Çox güclü bir yük həftəsi keçirdik. Düşünürəm ki, mövsüm öncəsi hazırlıq elə limitə çatmaq və məşqçilər korpusunun tələb etdiyi kimi yaxşı fiziki vəziyyətdə olmaq üçündür. Bu məqamda yorğunluq normaldır. Amma biz yaxşı hazırlaşırıq və çox həvəsliyik.
- Ötən mövsüm "Sumqayıt" dördüncü yeri tutaraq avrokuboklara vəsiqə qazanıb. Daha yaxşı nəticə əldə etmək olardı, yoxsa göstərdiyiniz nəticə elə ən yaxşısıdır?
- Təbii ki, hər zaman daha çox şey edə bilərsən. Düşünürəm ki, bu ili də daha yaxşı vəziyyətdə bitirmək və beləliklə, yenidən Avropa turnirlərinə çıxmaq məqsədi olacaq. Biz mütləq bunun uğrunda mübarizə aparacağıq. Özü də, sona qədər.
- “Sumqayıt” artıq “Orenburq”la ilk yoxlama oyununu keçirib. Həmin oyun sizin üçün necə oldu?
- Özümü çox yaxşı və güvənli hiss etdim. Komandama kömək etməyə çalışdım. Ötürmə və qollarla hər zaman “Sumqayıt”a kömək olmaq istəyirəm. Axtardığım da budur. Ümid edirəm ki, mövsümün qalan hissəsində də belə davam edəcəm və komandaya kömək olacam.
- “Sumqayıt”dan ayrılan futbolçular çox oldu. Sənin özünün necə, komandadan getməyin mümkün idi? Gedən futbolçulardan daha çox kim üçün üzüldün?
- Aydındır ki, hər hansı bir klubdan oyunçular gedəndə həmişə çətin olur. Onlarla birlikdə məqsədə çatandandan sonra daha çətindir. Bəli, bir neçə komandadan təkliflərim var idi. Lakin mənim üçün vacib olan ili “Sumqayıt”da başa vurub, Konfrans Liqasında oynayıb komandaya kömək olmaqdır.
- Azərbaycan Premyer Liqasında çıxış edən ilk ekvadorlusan. Bunun sənin üçün hər hansı təzyiqi və ya üstünlükləri var?
- Bəli, buradakı ilk ekvadorluyam. Əminəm ki, tək olmayacam. Başqa ölkələrə bir çox qapılar açılacaq. Azərbaycan hər bir futbolçu üçün vacib olan maraqlı çempionatdır.
- Ekvadorun U-19, U-20 və U-23 komandalarında çıxış etmisən. Səncə, Azərbaycanda çıxış edərək Ekvador millisinə cəlb oluna bilərsən?
- Milli komandada olmaq üçün bunu sübut etməlisən. İndi yaxşı səviyyədəyəm. Çoxlu qollar, asistlərlə töhfə verərək milli komandanın diqqət mərkəzində ola bilərəm. Amma əvvəlcə bunu sübut etməli və qazanmalıyıq. Bu heç də asan deyil.
- "Sumqayıt" Konfrans Liqasının təsnifat mərhələsində "Fehervar"la qarşılaşacaq. Səncə, “Fehervar” səddini keçə biləcəksiz?
- Biz işimizə və oyunu necə qazanacağımıza diqqət yetiririk. Əgər inamla oynasaq və işimizi yerinə yetirsək, istənilən mərhələni keçmək üçün çoxlu imkanlar var. Bu matça fokuslanmışıq.
- Ümumiyyətlə, “Fehervar”la şəxsən maraqlanmısan? Onlar haqqında nə düşünürsən?
- Düzünü desəm, hələ oyunlarını görməmişəm. Oyunlarını görmədiyim komanda haqqında fikir söyləyə bilmərəm. Mənim üçün ən əsası sakit olmaq, çox düşünməmək, komandama kömək etmək və qələbə qazandırmaqdır.