Taekvondo Federasiyasında milli ilə görüş
20.06.2022 - 12:07
Taekvondo Federasiyasında milli ilə görüş

Azərbaycan Taekvondo Federasiyasında (ATF) Xorvatiyanın paytaxtı Zaqrebdə gənclər və yeniyetmələr arasında keçirilən “Croatia Open” beynəlxalq turnirindən qayıdan milli komandanın üzvləri ilə görüş keçirilib.

Apasport.az saytının məlumatına görə, ATF-in vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev və İdarə Heyətinin üzvü Vüqar Məmmədov komandanın yarışdakı çıxışını uğurlu adlandırıb. 

Səfərov bildirib ki, yeniyetmə taekvondoçular üçün ilin ilk yarışı olan bu turnirdə 7 qızıl, 3 gümüş və 4 bürünc medal qazanmaq böyük nailiyyətdir: “İyulda keçiriləcək dünya birinciliyi öncəsi belə nəticənin əldə olunması komandaya əlavə motivasiya verəcək və inanıram ki, bundan sonra da məşqləri davam etdirib daha yüksək nailiyyətlərə imza atacaqsız”. O, komandaya ümumi hesabda birinci olduğu və Xorvatiyada Azərbaycan bayrağını qaldırdığı, himnini səsləndirdiyi üçün təşəkkür edib. 

Paşayev yeniyetmə taekvondoçuların yeni baş məşqçisi Elnur Amanov və köməkçisi Vurğun Cəfərovun ilk sınaqda layiqli nəticə göstərdiyini qeyd edib. O vurğulayıb ki, bu uğurun ardını növbəti turnirlərdə gətirmək vacibdir. Dünya çempionumuz hər bir idmançının döyüş zamanı əzmlə mübarizə apardığını bildirib. O, aşağı yaş qrupu üzrə komandamızın böyük perspektiv vəd etdiyinə də inam ifadə edib.  

Yeniyetmələrdən ibarət millinin baş məşqçisi Elnur Amanov komandasının əldə etdiyi nəticəyə görə sevindiyini deyib və göstərilən dəstəyə görə federasiya rəhbərliyinə təşəkkürünü bildirib.

Sonda idmançılarla birgə xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Zaqrebdə yeniyetmə taekvondoçularımız 13 (7-3-4), gənclərdən ibarət komandamız isə 7 (0-1-6) medal qazanıb. 
 

writer photo
Əlirza Əlirzalı
0