Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidentləri Hikmət Səmədov və Nağı Səfərov açıq Avropa çempionatına və Həmrəylik turnirinə yollanacaq parataekvondo üzrə milli komanda ilə görüşüb.
ATF-dən apasport.az saytına verilən məlumata görə, yığmanın hazırkı durumu ilə maraqlanan ATF rəsmiləri Fransanın Montargis şəhərində keçiriləcək Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya xalı verəcək yarışlarda parataekvondoçularımızdan uğurlu çıxış gözlədiklərini bildiriblər. Vitse-prezidentlər komandamızın qazanacağı medallarla azarkeşləri sevindirəcəyinə ümid etdiklərini qeyd ediblər.
Millinin baş məşqçisi Fərid Tağızadə təlim-məşq toplanışları, həmçinin parataekvondoçuların durumu ilə bağlı məlumat verib. O bildirib ki, yetirmələrinin Fransada uğur əldə edəcəyinə inanır.
Qeyd edək ki, açıq Avropa çempionatında və Həmrəylik turnirində ölkəmizi baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun rəhbərliyi altında Röyalə Fətəliyeva (52 kq), Sabir Zeynalov, Amin Əliyev (hər ikisi 58 kq), Amin Şıxəliyev, Sadiq Həmidov (hər ikisi 63 kq), İmaməddin Xəlilov (70 kq), Əbülfəz Abuzərli (80 kq) və Orxan Cəfərov (+80 kq) təmsil edəcəklər. Parataekvondoçularımızın hamısı K-44 kateqoriyasında mübarizə aparacaqlar. Avropa çempionatı qalibə 20, Həmrəylik turniri 10 reytinq xalı verəcək.
İyunun 28-də səfərə yollanacaq komanda iyulun 3-də Bakıya qayıdacaq.