Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə taekvondoçular arasında dünya birinciliyi başa çatıb.
Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın son günü də Azərbaycan millisi üçün uğurlu alınıb.
Aktivində 1 qızıl və 1 bürünc medal olan yığmamızın bu gün daha 2 taekvondoçusu fəxri kürsüyə yüksəlib.
Milli üzvlərindən Bahadur Dostuyev çıxışını mükafatla yekunlaşdırıb. 49 kq çəki dərəcəsində mübarizə aparan idmançı debüt görüşündə polşalı Yakub Soltsiakı məğlub edib - 2:0. Onun 1/8 finalda rəqibi Zaid Peres (Meksika) olub. Gərgin keçən döyüş təmsilçimizin 2:1 hesablı qələbəsi ilə bitib. Dostuyev 1/4 finalda Apostolos Panaqopoulosdan (Yunanıstan) da güclü olub (2:0).
Taekvondoçumuz yarımfinalda Eunselok Li (Cənubi Koreya) ilə üz-üzə gəlib. Rəqib mərhələ adladığından Bahadur bürünc medala yiyələnib.
Onun uğurunu Yunis Hüseynov (61 kq) da təkrarlayıb. Həmyerlimiz ardıcıl olaraq livanlı Joey Yusif, hindistanlı Gitiş və monteneqrolu Enes Duşkini mübarizədən kənarlaşdıraraq, yarımfinalda iştirak hüququ qazanıb. Finala gedən yolda Nika Qoqoberidze (Gürcüstan) ilə üz-üzə gələn Hüseynov məğlub olduğundan 3-cü yeri tutub.
Beləliklə, Azərbaycan millisi 77 ölkədən 670-dən çox idmançının qatıldığı və 4 gün davam edən mundialı 1 qızıl və 3 bürünc medalla başa vurub. Dostuyev və Hüseynovdan öncə Mehdi Budaqlı (33 kq) dünya çempionu tituluna sahib olub, Fuad Məhərləmli (45 kq) 3-cü yerdə qərarlaşıb.
Bu nəticə Azərbaycan taekvondosu tarixində 2 rekordla əlamətdar olub. Mehdi Budaqlı yeniyetmələrin mübarizəsində ölkəmizə ilk qızıl mükafatı qazandırdığı halda, milli medal sayında ən yaxşı göstəricisinə imza atıb. İndiyədək komandamız heç bir dünya birinciliyində 4 mükafata sahib olmamışdı. Sofiyadakı yarışadək ən yaxşı nəticə 2014-cü ildə Bakıda qeydə alınmışdı. Həmin mundialı yığmamız 2 gümüş və 1 bürünc medalla bitirmişdi.
Yığmamız oğlanların komanda hesabında 4-cü olub. Dünya birinciliyində nə oğlan taekvondoçuların, nə də qızların mübarizəsində Azərbaycandan başqa, heç bir Avropa ölkəsi qızıl medal qazanmayıb. Milli referi Aygül Abdullayeva isə mundialın ən yaxşı hakimi seçilib.
Qeyd edək ki, milli avqustun 2-də Vətənə qayıdacaq. Onları gətirəcək təyyarə saat 01:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edəcək və komandanın qarşılanma mərasimi olacaq.