"İlk növbədə əziz Türkiyə xalqına təsəllimizi və kədərimizi bildirirəm. "Qarabağ" klubu həmişə ən acılı günümüzdə bir moral verib. Bu da acılı gündə kiçik bir təsəlli idi. Sevinirəm və hesab edirəm ki, "Qarabağ" Azərbaycan futbolu tarixində yenə bir ilkə imza atdı. İlk dəfə pley-offda biz qələbə qazandıq. Amma əlbəttə ki, oyun hələ bitməyib. İnşallah, fevralın 23-də keçiriləcək matç üçün şəxsən Belçikada olacağam. Həmin matç bizim üçün çox önəmlidir. Bu oyundan çox razı qaldım. Heyətdə dəyişikliklər olmuşdu. Amma sevinirəm ki, bu gün "Qarabağ" klubdan ayrılan heç bir futbolçudan asılı olmadığını göstərdi. Bu gün gördük ki, "Qarabağ" bir Avropa klubudur. Qurban hocanın məharəti bu gün yenə göründü. Fəxr edirəm komandamızla".
Apasport.az-ın xəbərinə görə, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.
O, "Qarabağ"ın Belçikanın "Xent" komandasını Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında 1:0 məğlub etdiyi oyundan sonra brifinq keçirib.
– Komandamızın 1/8 finala yüksəlmək şanslarını necə dəyərləndirirsiniz?
– Bugünkü oyuna baxanda insan ümidlənir. Asan deyil. Rəqibin çox sürətli əks hücumları var. Dinamikalı komandadır. Səfər matçında diqqətli olmalıyıq. Yeni futbolçularımız komandaya yanvarda qoşulublar. Hesab edirəm ki, cavab oyunu öncəsi 1 addım öndəyik. Güman edirəm ki, oradan da yaxşı nəticə ilə qayıdacağıq.
– Klubun sahibi olaraq bu qələbəni Türkiyə xalqına ərməğan etmək olar?
– Əlbəttə. Bu, böyük şərəfdir. Allah ölənlərə rəhmət eləsin, sağ qalanlara şəfa versin. Bu da bizim Türkiyəyə mənəvi hədiyyəmiz olsun.
– Kadi Borjis, Kvabena Ovusu qış fasiləsində "Qarabağ"ı tərk etdi. Bu, "Qarabağ"ın futbolçu satışı siyasətidir, yoxsa oyunçular komandada qalmaq istəmir?
– Burada əsas məsələ futbolçuların özü ilə bağlıdır. UEFA qaydalarına görə, kimsə qalmaq istəmirsə, onu saxlamaq mümkün deyil. Bunun qarşısını almaq üçün oyunçulara çətinliklər yaradırıq. Məsələn, Kadiyə deyirik ki, hansısa klub səni istəsə, minimum 5 milyon avro təzminat ödəməlidir. Müqavilələrə bizə üstünlük yaradan bəndlər salırıq ki, futbolçular komandanı tərk etməsinlər. Amma bir klub çıxıb deyir ki, mən 5 milyonu da verərəm, Kadinin "Qarabağ"da qazandığı maaşın 4 mislini də. Bakıdan Dubaya uçanda təsadüfən təyyarədə Kadi ilə rastlaşdım. "Qarabağ"ın necə klub olduğunu ondan soruşdum. Cavab verdi ki, ora mənim heç vaxt unutmayacağım doğma ev idi. Qurban Qurbanovun insanlığından, bacarığından, liderliyindən danışdı. Dedi ki, sizi heç vaxt unutmayacağam. "Qarabağ"ı əsl komanda edən məhz budur. Bu ruh, bu mənəviyyat bizdə olduğu müddətdə komandamıza gələn yeni futbolçular burada inkişaf edəcəklər. "Qarabağ" artıq Avropanın ən böyük 50 klubu arasına düşmüş peşəkar klubdur. İnşallah, bu şəkildə də davam edəcəyik.
– Yeni gələn futbolçuların performansını necə dəyərləndirirsiniz?
– Onlardan tam razı qaldım desəm, bu belə deyil. Onlara vaxt lazımdır. Etiraf etməliyəm ki, oyuna böyük həyəcanla baxdım. Çünki bir tərəfdə yenilənmiş "Qarabağ", digər tərəfdə isə yaxşı əks hücumlara çıxan komanda var idi. Şükür Allaha ki, hər şey bizim üçün yaxşı keçdi.