Avropa Liqasının qrup mərhələsinin IV turunun “Bayer”lə ev oyunundan sonra “Qarabağ”ın prezidenti Tahir Gözəl görüş barədə fikirlərini açıqlayıb.
Klub rəhbəri apasport.az saytının əməkdaşının da iştirak etdiyi brifinqdə Azərbaycan çempionunun 0:1 hesabı ilə uduzduğu matç barədə sualları cavablandırıb:
- Həm sevincli, həm də üzgünəm. Hər iki komandanı təbrik edirəm. Rəqibimiz də çox gözəl oyun göstərdi. Məni ən çox sevindirən odur ki, ötən oyundan sonra psixoloji xəsarət qalmamışdı. Bu, Qurban Qurbanovun məharətidir. Özünə inanan, hücum futbolu oynayan, risklər edən bir "Qarabağ" var idi. Son dəqiqələrdə gələn qola söz tapa bilmirəm. Bu, futboldur, hər zaman yaxşı oynayan qazanmır. Biz bu axşam çox gözəl oynadıq. Qələbə qazansaydıq, Zəfər Bayramında möhtəşəm hədiyyə olacaqdı.
- Penalti epizodunda hansı hissləri keçirdiniz?
- 10-15 saniyə mənim üçün zaman dondu, heç bir reaksiya verə bilmədim. Ümidim var idi ki, VAR penaltini ləğv edəcək. Futboldur, oldu.
- "Qarabağ"ın qrup ikincisi olması nə dərəcədə realdır?
- Rəqiblərimizin oyunu olacaq. Hesab edirəm ki, ikinci yeri tuta bilərik.