“2022-ci ili klubumuz üçün çox müsbət, çox gözəl qiymətləndirirəm”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.
2022-ci ilin yekunlarına həsr olunan tədbirə qatılan klub rəhbəri jurnalistlərə açıqlama verib. O, başa çatmaqda olan ili dəyərləndirib: “Bəli, istədiyimiz bütün hədəflərə nail olmadıq. Hesab edirəm ki, “Qarabağ” oyunu, oyun ruhu ilə Azərbaycanın sevgisini və hörmətini qazanmış, cəsarətli ruhuna ilham vermiş bir klubdur. Ümid edirəm ki, “Qarabağ” qarşıdakı matçlarda da öz oyununu göstərəcək. Klubumdan çox razıyam”.
Gözəl 2023-cü ildən gözləntilərini də açıqlayıb: “Əlbəttə, sözsüz ki, əvvəl ölkə çempionluğu. Ondan sonra Konfrans Liqasında da komandadan uğurlar gözləyirəm. Bu turnirdə də bizi böyük həyəcan gözləyir. İnanıram ki, gözəl nəticələr əldə edəcəyik”.
Klub prezidenti futbolçulara xaricdən təkliflər olmasına da münasibət bildirib: “Bu, bizim üçün sevindiricidir. Artıq “Qarabağ”ın futbolçuları dünyanın gündəmindədir. “Qarabağ” öz adı ilə oyunçularının daha yüksək səviyyəyə getməsi üçün vasitə olub. Bu, xoş xəbərdir. Bəli, doğrudur, “Krasnodar” çox əlaqə saxlayır, bu transferi çox arzulayır. Büdcə və rəqəmlər barədə xəbərimiz var. Amma daha maliyyə məsələləri ilə bağlı danışıqlar gedir. İndi bir futbolçunu istəyi olmadan saxlamaq olmaz. Alınsa, klubumuz üçün də, Kadi üçün də xeyirli, uğurlu olar. Bu, əlavə büdcədir. Büdcə də Qurban Qurbanovun əlindədir. İstəsə, arzu etdiyi gələn futbolçulara xərcləyə bilər. Hesab edirəm ki, bu keçid müsbət olar. Hələ danışıqlar davam edir. Nəticədən heç bir şey yoxdur. Marko Veşoviçlə bağlı da eyni vəziyyətdir, proseslər davam edir”.
Gözəl gözlənilən transferlər barədə sualı da cavablandırıb: “Bu suala klassik cavab verəcəyəm. Bu məsələ Qurban Qurbanovun tam nəzarətində və səlahiyyətindədir. Biz şirkət rəhbərləri texniki məsələlərə qarışmırıq. Səlahiyyətlər tamamilə Qurbanovdadır. Hamımız onun arxasındayıq, dəstəkləyirik. Onun seçdiyi isimlərə həssas yanaşırıq. Bu, onun qərarıdır”.
Klub rəhbəri baş məşqçi Qurban Qurbanovun da xaricdən təklif almasına münasibət bildirib: “Hesab edirəm ki, Qurbanov “Qaraabğ”ı, “Qarabağ” da onu buraxan deyil. Biz artıq bir ruh olmuşuq. “Qarabağ” Qurbanovu, Qurbanov “Qarabağ”ı yaratdı. Azərbaycan “Qarabağ”ı yaratdı, “Qarabağ” Azərbaycanın ruhunu yaratdı. İnanıram ki, çox uzun illərlə işimiz davam edəcək”