“Qarabağ” bu mövsüm avrokuboklarda olduqca uğurlu çıxış edir”.
Bunu apasport.az saytına “Qarabağ”ın sabiq futbolçusu Tarik Elyunissi deyib.
Hazırda Yaponiyanın “Senan Bellmare” klubunda çıxış edən 35 yaşlı norveçli hücumçu Azərbaycan çempionunun avrokuboklardakı çıxışını dəyərləndirib: “Komanda çox gözəl oyunlar keçirdi. İstər Çempionlar Liqasında, istərsə də, Avropa Liqasında “Qarabağ” əla matçlar oynadı. Komanda meydana çıxdığı hər qarşılaşmada rəqibindən üstün futbol nümayiş etdirirdi. “Qarabağ” Konfrans Liqasında çox yol qət edə bilər. Buna tam inanıram”.
“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki şanslarını dəyərləndirən Tarik ağdamlıları Belçika təmsilçisi “Gent”lə dueldə üstün hesab edir: “Gent”lə görüşlərdə “Qarabağ”ın qələbəsinə inanıram? Mütləq. Məncə, “Qarabağ” Belçika klubu ilə matçlarda mərhələ keçmək şansı 60-ın 40-a nisbətindədir. Onlar bunu öz oyunu ilə qazanıblar. “Qarabağ” rəqibi üzərində üstünlüyə sahibdir. Hər şeyin “Qarabağ” üçün daha yaxşı alınmasını arzu edirəm. Hər iki oyuna da baxacam. İnanıram ki, “Qarabağ” mərhələni keçən tərəf olacaq”.
Qeyd edək ki, forvard 2017/18 mövsümündə “Qarabağ”ın formasını geyinib.