Tarixdə 286-cı sınaq və ya Canni de Byazi ilə “30”
19.11.2022 - 11:17
Tarixdə 286-cı sınaq və ya Canni de Byazi ilə “30”

Azərbaycan milli komandası sabah növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, yığmamız yoldaşlıq görüşündə Şimali Makedoniya ilə üz-üzə gələcək.

Balkan ölkəsinin paytaxtı Skopyedə keçiriləcək matç komandamızın tarixində 286-cı sınaq olacaq. İlk oyununu 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 285 matça çıxıb. 30 ildə 55 qələbəsi olan yığmamız 76 heç-heçə edib və 154 dəfə uduzub. Əvvəlki 285 qarşılaşmada 214 qol vuran futbolçularımız 469 top buraxıb.

Şimali Makedoniyadakı sınaq baş məşqçi Canni de Byazi üçün əlamətdar olacaq. Bu, italiyalının millimizdə yubiley – 30-cu oyunu kimi tarixə düşəcək.

O, indiyədək yığmanı 29 matça çıxarıb. Bu görüşlərdə 6 qələbə və 7 heç-heçəsi olan millimiz 16 dəfə uduzub. 22 qol vuran komanda 37 top buraxıb.

Bu, italiyalı ilə həm də yubiley - 10-cu yoldaşlıq görüşüdür. Əvvəlki 9 oyunda 2 qələbə, 2 heç-heçə və 5 məğlubiyyəti olan yığmamız 8 qol vurub, 11-ni buraxıb.

Skopyedəki duel yoldaşlıq oyunları və qeyri-rəsmi beynəlxalq turnirlər çərçivəsində 134-cü matçdır. Əvvəlki 133 sınaqda 36 qələbə və 44 heç-heçəsi olan milli 53 dəfə məğlubiyyətə üzülüb. 123 qol vuran futbolçularımız 168 top buraxıb. 

Qeyd edək ki, sabah baş tutacaq Şimali Makedoniya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0