Təbriz Həsənov: "Nə qədər çətin olsa da, "Qarabağ" "Dinamo"nu keçmək gücündədir" - Müsahibə
14.08.2024 - 15:56
Təbriz Həsənov: "Nə qədər çətin olsa da, "Qarabağ" "Dinamo"nu keçmək gücündədir" - Müsahibə

“Qarabağ”ın veteran futbolçusu Təbriz Həsənov apasport.az saytına müsahibə verib.

- "Qarabağ" "Ludoqorets"lə oyunda 7:2 hesabı ilə qalib gəldi. Bakıdakı 1:2 hesablı məğlubiyyətdən sonra "Qarabağ"ın səfərdə qələbə qazanıb mərhələ adlayacağını ehtimal edirdiz?
- Bakıdakı 1:2 hesablı məğlubiyyətdən sonra bir çoxlarında belə təəssürat yaranmışdı ki, "Ludoqorets" güclüdür, "Qarabağ"ı keçə bilər, çətin olacaq. Amma ən azından "Qarabağ"ın səfərdə yaxşı oynayacağına inanırdım. Qələbə qazanacağına da, həmçinin. Lakin oyunun çox ağır, çətin keçəcəyini gözləyirdik. Başlanğıcda elə oldu. Sonda yenə də sevinən tərəf biz olduq. Hesabın bu cür olacağını ağlıma da gətirə bilməzdim. Qələbə qazanmaq inamı var idi, amma belə hesabla yox.

- Sizcə, "Qarabağ" “Ludoqorets”i necə üstələyə bildi? Hansı komponentlərdə güclü oldu ki, qalib gəldi?
- Mənə elə gəlir ki, "Qarabağ"ın dünənki qələbəsində ən vacib məqamlardan biri fasiləyə 3:2 hesablı qələbə ilə yollanmaları idi. Dünən komandanın ilk hissəni qalib başa vurması önəmli idi. Çünki ilk dəqiqələrdə qol vursaq da, müdafiənin səhvinə görə iki qol buraxdıq. Komanda ruhdan düşmədi. Ən vacib odur ki, ruhdan düşmədik və öz oyun stilimizi, üslubumuzu davam etdirdik, çox top saxlamağa çalışırdıq. Üstəlik, "Qarabağ" maksimum qol epizodu yaradaraq, qol vurmağa çalışdı. "Qarabağ" xarakter göstərdi. Fasiləyə qalib yollanmaq vacib idi. Fasilədən sonra "Ludoqorets"də özünəinam itmişdi. Birinci hissədəki "Ludoqorets" deyildi. Əksinə, "Qarabağ"a böyük inam gəldi, daha yaxşı, daha üstün oynadı və təbii ki, 4-cü qol hər şeyi həll etdi, davamı da gəldi.

- "Qarabağ"ın "Ludoqorets" səddini keçməyi bacardı. Bundan sonra “Dinamo” ilə matçda da şanslar yüksəkdir?
- “Qarabağ”dan həmişə ən yaxşısını gözləyirik. Onlar bu cür hesablarla, bu cür oyunlarla hamını təəccübləndirməyə öyrəşib. "Dinamo" "Ludoqorets"dən güclüdür, çox təcrübəli komandadır, uzun illərdir ki, Avropada tanınırlar. Hər zaman da bu klubdan güclü, istedadlı oyunçular çıxıb.Təbii ki, ağır olacaq. Amma, məncə, "Qarabağ"ın keçənilki oyun təcrübəsi və "Ludoqorets"lə oynadığı oyun ümidlərimizi daha da çoxaldır. "Dinamo" oyunu nə qədər çətin olsa da, "Qarabağ" onu keçmək gücündədir. Ümidvaram ki, bu da baş verəcək.

-“Qarabağ”ın heyətində Marko Veşoviç, Marko Yankoviç və Elvin Cəfərquliyev zədələndi. Patrik Andrade, Mateus Silva və Toral Bayramov onları daha yaxşı əvəzlədi və qarşıdakı görüşdə də onlar oynasa, yaxşıdır?
- Ümidvarıq ki, hamısı tez sağalar. Komandanın həkimləri hər halda, bununla məşğul olacaqlar və maksimum bacardıqlarını edəcəklər. Onların olmaması komanda üçün ağır olacaq. Çünki qarşıda "Dinamo" ilə ağır oyunlarımız var. Dünənki gün futbolumuz və komandamız üçün qeyri-adi gün kimi qeyd edərdim. Dünənki matçda dalbadal zədələnmələr, əvəzetmələr... Məcburi əvəzetmələr idi. Biri var ki, baş məşqçi oyunda nəyisə dəyişikliklər, rotasiyalar edir. Biri də var, zədəyə görə məcburi dəyişikliklər olur. Niyə qeyri-adi gün dedim? Meydana çıxan həmin oyunçular çox yaxşı oynadılar, hətta qollar da vurdular. Sanki belə də planlaşdırılmışdı ki, onlar meydana çıxacaq və komanda daha yaxşı oynayacaq. Bu bir tərəfdən yaxşıdır. Ehtiyatda oturanlar da özlərini sübut etdilər ki, biz heç də ehtiyatda oturası oyunçular deyilik. Təbii ki, baş məşqçi də gələn oyunda heyəti qurmaqda çətinlik çəkəcək. İstər-istəməz sonradan meydana daxil olanlar daha çox güc qatdılar, daha maraqlı oynadılar. Belə rəqabət olan komandada hər şey yaxşı olur. Ümidvaram ki, zədəlilərimiz tez sağalar və "Dinamo" ilə oyuna qədər hər kəs meydana qayıdacaq.

- "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə düşməyə hazır olduğunu düşünürsüz? Yəqin ki, komanda tam hazırdır qruplar üçün? "Dinamo" səddini necə keçmək olar, sizcə?
- İnanıram ki, "Qarabağ" "Dinamo"nu keçərək qrupa düşəcək. "Dinamo" güclü komandadır. İlk olaraq, zədəlilərimiz tez qayıtması vacibdir. Söhbət tək "Dinamo"dan getmir, amma gələcək oyunlar üçün komanda bir az da güclənsə, daha yaxşıdır. Çünki artıq siqnaldır. Bir oyunda nə qədər zədəlimiz oldu. "Dinamo" "Ludoqorets"dən güclüdür, ondan sonra gələnlər daha da güclüdür. Oyunun sürəti, tempi artır, mübarizə daha da çoxalır. Ona görə də, düşünürəm ki, bunların hamısını nəzərə almaq lazımdır. Yəqin ki, dünənki qələbə komandamıza daha çox inam verəcək və "Dinamo"ya qarşı bir az da artığını göstərəcək.

- Sizcə, Azərbaycan çempionunun əsas üstünlüyü nədir?
- "Qarabağ"ın ən əsas üstünlüyü Qurban Qurbanovun yaratdığı kollektivdir. Onun qurduğu oyun üslubu, oyun stilidir. Komandadakı oyunçuların özünəinamı da vacib məqamdır. Futbolçular meydana çıxanda, nə qədər özlərinə güvənirlər. Qarşılarında rəqib nə qədər adlı-sanlı, güclü olsa belə, onlar özlərinə inanır. "Qarabağ" artıq bu cür şeylərə baxmır, güclü və zəifə qarşı da çox inamlı oynayır. Bugünkü "Qarabağ" bundan da irəli gedə bilər.

writer photo
Əlirza Əlirzalı
0