Minifutbol üzrə Azərbaycan millisinin futbolçusu, Avropa çempionatının 1/8 final mərhələsində Bolqarıstanla qarşılaşmada (3:1) yığmanın qollarından birinə imza atan Təmkin Xəlilzadə apasport.az-a açıqlama verib.
Təcrübəli futbolçu millinin 1\4 finala yüksəlməsini şərh edib:
"Bu mərhələdə bizi çox ağır oyun gözləyir. Elə bir mərhələdir ki, heç bir səhv bağışlanmayacaq. Hər zamankı kimi komanda şəklində çox yaxşı hazırlaşmışıq. Əsas məqsədimiz qələbə qazanıb yarımfinala yüksəlməkdir. Dünya çempionatında bizi Qazaxıstan millisi mübarizədən kənarlaşdırmışdı. Bu gün isə qalib olmaq və xalqımızı sevindirmək üçün meydançada əlimizdən gələni edəcəyik".
Təmkin Xəlilzadə bu mərhələyə kimi uğurla irəlilədiklərini vurğulasa da, komandada heç bir arxayınlıq olmadığını bildirib: "Dörd oyun keçirmişik və hər birində maksimum nəticə əldə etmişik. Amma heç bir rahatçılıqdan söhbət belə gedə bilməz. Çünki bu, qrup oyunu deyil ki uduzsaq da şansımız qalsın. Bu, pley-off mərhələsidir. Buna görə ancaq qələbə haqqında düşünürük".
Qeyd edək ki, millimiz qrup mərhələsində keçirdiyi bütün matçlarda qələbə qazanıb. Komanda Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı 3:1 hesabı ilə məğlub edib. 1/8 finalda isə Bolqarıstanı mübarizədən kənarlaşdırıb - 3:1.
Nərmin Vüqarqızı