Misli Premyer Liqasında V turdan sonra “Kəpəz”ə baş məşqçi təyin olunan Tərlan Əhmədov qış fasiləsində ciddi islahatlara əl atacaq.
Apasport.az saytının əldə etdiyi məlumata görə, çalışdırıcı, xüsusən də, təcrübəli oyunçuların xidmətində maraqlı deyil.
Əhmədovun yola salmağı düşündüyü ilk oyunçular artıq məlumdur. O, əsas komandadan uzaqlaşdırdığı hücumçu Rauf Əliyevi bir daha sərəncamında görmək istəmir. Onunla yanaşı, müdafiəçi Elvin Yunuszadə, yarımmüdafiəçi Əfran İsmayılov və hücumçu Mixeil Erqemlidze qış fasiləsində göndərilməsi planlaşdırılan oyunçulardır.
Bundan başqa, baş məşqçi müdafiənin cinahlarından da narazıdır. Tərlan Əhmədov bu mövqelərə yeni oyunçular cəlb edə bilsə, Yusif Nəbiyev və Tural Axundovun da yola salınmasını istəyəcək.
Qeyd edək ki, “Kəpəz” hazırda 5 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.