Toral Bayramov “Qarabağ”ı 1000 manat ziyana saldı
12.10.2023 - 14:22
Toral Bayramov “Qarabağ”ı 1000 manat ziyana saldı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının IX turunda baş verənlər müzakirə olunub.

“Zirə” – “Turan Tovuz” oyununda qonaqların azarkeşləri tərəfindən görüşün hakimlərinin ünvanına kütləvi şəkildə qeyri-etik ifadələr səsləndirildiyinə və bu hal mövsümdə ilk dəfə yaşandığına görə Tovuz klubuna xəbərdarlıq edilib.

“Sabah” – “Araz-Naxçıvan” matçında meydan sahiblərinin azarkeşləri tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələr səsləndirildiyinə və bu hal mövsümdə ikinci dəfə yaşandığına görə Bakı klubu 500 manat cərimələnib. Bu görüş bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” 800 manat ödəyəcək.

“Sumqayıt” – “Kəpəz” qarşılaşmasında qonaqların 4 futbolçusu sarı vərəqə aldığına görə Gəncə klubu 700 manat ziyana düşüb. Bu matçda topdaşıyan rəqib künc zərbəsi başlayarkən topu kənara atdığına görə “Sumqayıt” 1500 manat cərimə edilib.

“Neftçi” – “Qarabağ” matçında meydan sahiblərinin məşqçisi Sənan Qurbanov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1-i şərti olmaqla 2 oyun cəzalanıb. Kub 1500 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

Bu matç bitdikdən sonra “Neftçi”nin digər məşqçisi Miodraq Todorov hakimin qərarına  etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1-i şərti olmaqla 2 oyun cəzalanıb. Bakılılar 1500 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib. Bu qarşılaşmada fotoqraflar mövqelərini dəyişdiyinə və icazə verilməyən yerlərdən çəkiliş apardıqlarına görə “Neftçi” 500 manat cərimə ödəyəcək. Qarşılaşmadan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə paytaxt təmsilçisi 800 manat cərimələnib. Miks zona düzgün təşkil edilmədiyinə, stadionun tunelində insanlar çox olduğuna, həmçinin futbolçular avtobusa rahat daxil ola bilmədiyinə görə “Neftçi”yə xəbərdarlıq edilib.

“Qarabağ”ın futbolçusu Toral Bayramovun formasının rəqəmləri fərqli olduğuna görə klubu 1000 manat cərimə ödəyəcək. 78-ci dəqiqədə “Qarabağ” azarkeşləri tərəfindən kütləvi şəkildə rəqib komandanın ünvanına qeyri-etik ifadələr səsləndirildiyinə və bu hal mövsümdə ikinci dəfə yaşandığına görə Ağdam klubu 500 manat cərimə edilib.

writer photo
Əlirza Əlirzalı
0