"Bu gün qalib gələcəyimi hiss edirdim. Tarix yazdım".
Bunu apasport.az saytının Polşaya ezam olunmuş əməkdaşına açıqlamasında III Avropa Oyunlarında qızıl medal qazanan Azərbaycan karateçisi Tural Ağalarzadə (67 kq) deyib.
Bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxan təmsilçimiz bildirib ki, qələbəni sözlə ifadə etmək mümkün deyil: "Məni dəstəkləyən hər kəsə, bizim üçün bu şəraiti yaradan ölkəmizin başçısına, eyni zamanda, məşqçilərimə, ailəmə və sevdiklərimə təşəkkür edirəm. Finala qədər çətin döyüşlərim oldu. Həlledici görüşdə isə yunanıstanlı üçqat Avropa çempionu Dionisios Xsenosla üz-üzə gəldim. Taktiki gedişləri döyüşdən öncə hazırlamışdıq. Psixoloji və fiziki cəhətdən çox hazır idim. Buradan ailəmə təşəkkür edirəm. Onları sevirəm".
Qeyd edək ki, Tural Avropa Oyunlarının qrup mərhələsində İv Tadiss (Macarıstan), Toni Pissino (İsveçrə) və Dionisios Xenosa (Yunanıstan) qalib gəlib. Yarımfinalda polşalı Miloş Sabieçkini məğlub edən həmyerlimiz finalda Dionisios Ksenosdan da üstün olub.