“Turan Tovuz”un müdafiəçisi Xulu Siyanda növbəti dəfə CAR yığmasına çağırılıb.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Uqo Broos qarşıdakı yoldaşlıq görüşləri üçün açıqladığı 30 nəfərlik ilkin siyahıda ona da yer verib.
Komanda noyabrın 13-də bir araya gələcək. Çalışdırıcı yekun heyətdə 23 nəfər saxlayacaq və 7 oyunçu siyahıdan çıxarılacaq. Ancaq Siyanda çətin ki, toplanışın birinci günündən düşərgədə olsun. Çünki ayın 13-də “Turan Tovuz”un Premyer Liqanın XIV turunda “Kəpəz”lə səfər oyunu olacaq.
CAR millisi noyabrın 17-də Mozambik, 22-də isə Anqola ilə üz-üzə gələcək. Hər iki qarşılaşma yerli “Mbombela” stadionunda baş tutacaq. Bu matçlar gələn ilin martında Afrika Millətlər Kubokunda Liberiya ilə keçiriləcək oyunlara hazırlıq xarakteri daşıyacaq.