“Turan Tovuz”un kapitanı: “Ona imkan versən, dərhal cəzalandıracaq” - MÜSAHİBƏ
21.04.2023 - 12:01
“Turan Tovuz”un kapitanı: “Ona imkan versən, dərhal cəzalandıracaq” - MÜSAHİBƏ

“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyevin apasport.az saytına müsahibəsi

- Azərbaycan kubokunda “Neftçi”yə qalib gəldiyiniz görüşdə istədiyiniz kimi oynaya bildiniz?
- “Neftçi”ni analiz etmişdik. Elə komandadır ki, qol vurduqca coşurlar. “Qəbələ” ilə oyunu çıxmaq şərtilə, 10 oyun idi ki, uduzmurdular. Bilirdik ki, hücumda çox təhlükədirlər. “Neftçi”yə qol şansı verməməyə çalışırdıq. Çünki xırda səhv etsəydik, rəqib keçməyəcəkdi, yararlanacaqdılar. Çalışdıq ki, qol buraxmayaq. Şükürlər olsun, qalib gəldik. Cavab oyunu var. Bundan da ağır oyun olacaq.

- 1:0 hesabı “Turan Tovuz”u finala nə qədər yaxınlaşdırıb?
- Qarşıda hələ 90 dəqiqəmiz var. Məncə, Tovuzdakından ikiqat çətin olacaq. “Neftçi” də qol vurmaq istəyəcək. Onları yenə də analiz edəcəyik. Ola bilər ki, evdə qalib gəldik. Amma “Neftçi”nin heyəti güclüdür. Əlimizi-qolumuzu aşağı salmayacağıq. Sona qədər var gücümüzlə mübarizə aparacağıq. Qismətimizdə varsa, final oynayacağıq.

- Maraqlıdır ki, “Neftçi”nin oyun ərzində elə də təhlükəli qol epizodu olmadı. Oyun strategiyası düzgün alındı, yoxsa sadəcə sizin gününüz idi?
- Baş məşqçimiz bizə tapşırıqlarını vermişdi. Onlara boşluq versən, usta futbolçuları çoxdur, dərhal istifadə edəcəklər. Çalışdıq ki, boşluğu verməyək. Nə qədər verməsən də, istər-istəməz şans yarana bilir. Amma yenə də “Neftçi”yə boşluq verməməyə çalışdıq. Şükürlər  olsun ki, alındı, qalib gəldik. Qarşıdakı matçda da belə oynayaraq, qalib gəlmək istəyirik.

- Bakıdakı cavab görüşü barədə fikrin necədir? Hesabı qoruyub-saxlamağa oynayacaqsız, yoxsa bu istək sizə baha başa gələ bilər?
- “Neftçi”dən qabaq “Sabah”la ağır oyunumuz var. Zədəlilərimiz və cəzalılarımız çoxdur. Biz indi artıq “Sabah”a qarşı görüşü fikirləşirik. Çempionatda da durum elədir ki, xal qazanmaq lazımdır. Aşağıdan gələn rəqiblər də xal ehtiyatını artırır. “Sabah”la oyuna da hazırlaşacağıq. Bu oyunda da düzgün mübarizə aparmağa çalışacağıq.

- Oyun ərzində Mateus Saldanya ilə çox gərgin mübarizəniz gedirdi. Hətta bir-iki epizodda gərginlik də artdı. Onu saxlamaq çətin idi?
- Mateusun səviyyəsi görünür. Onun hansı səviyyədə olduğunu dərhal hiss etmək mümkündür. Çox yaxşı futbolçudur. Çempionatda da öz səviyyəsini göstərir. Mateus elə hücumçudur ki, imkan versən, dərhal cəzalandıracaq. Çünki keyfiyyəti var, fiziki durumu yaxşıdır, topla rəftarı yaxşıdır. Ona imkan verməməyə çalışdıq. İlk oyunda onu zərərsizləşdirməyə çalışdıq. Bacardığımızı etdik. Səfərdə də rəqibə qarşı düzgün oynamalıyıq. Təkcə Saldanyanı demirəm, Emin Mahmudov, Sezar Meza Kolli, Kenni Sayef, Kilan Lebon, hamısı çox təhlükəli oyunçulardır. Onlara qarşı düzgün oynamalıyıq ki, nəticə qazanaq.

- Bakıdakı matçda tovuzluların stadionu dolduracağı gözlənilir...
- Əlbəttə ki, azarkeşlərimizin dəstəyini həmişə hiss edirik. Udanda da, uduzanda da həmişə bizə dəstəkdirlər. “Neftçi”yə “Bakcell Arena”da uduzanda da bunu gördük. Sanki evdə oynayırdıq. Kubokun cavab görüşündə də onları gözləyirik. Dəstəkləri bizə güc verir. İstəyirik ki, onları sevindirək.

- Premyer Liqada ilk ilindəcə avrokuboklara yollanmağı fikirləşirsiz? 
- Qarşımıza sırf avrokuboklara yollanmaq məqsədi qoyulmayıb. Sadəcə, futbolçu karyerası elədir ki, titulun olması addır, tarixdə qalır. Hər bir futbolçu istəyər ki, avrokuboklarda oynasın, çempionatda nəticə əldə etsin. Bir aya yığılan komanda olmuşuq. Yeri gəlsə, komanda çox çətinliklə yığılıb. Bəlkə də, çox adam bunu bilmir. Amma komandanın daxilində olan rəhbərlik, məşqçilər və futbolçular bilir. “Neftçi” səddini keçmək lazımdır. İlk məqsədimiz “Sabah”la oyunda uğurlu nəticə qazanıb daha sonra “Neftçi” oyununu düşünməkdir.
 

writer photo
Əlirza Əlirzalı
0