“Turan Tovuz”un kapitanı: “Qarşımıza avrokuboklara düşmək kimi məqsəd qoyulmayıb” - Müsahibə
06.11.2023 - 19:19
“Turan Tovuz”un kapitanı: “Qarşımıza avrokuboklara düşmək kimi məqsəd qoyulmayıb” - Müsahibə

“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyevin apasport.az saytına müsahibəsi

- Son turda “Səbail”ə məğlub oldunuz. Səncə, niyə uduzdunuz?
- “Səbail”lə oyuna yaxşı hazırlaşmışdıq. Rəqibdən üstün futbol oynadıq. Qol şanslarımız çox oldu, sadəcə dəyərləndirə bilmədik. Düşünürəm ki, ilk yarıda matçın taleyini həll etmək mümkün idi. Şansları dəyərləndirsəydik, matç bitmişdi. Sonda isə adi səhvlərdən iki qol buraxdıq. Çalışacağıq ki, bu oyunu unudaq, səhvlərimizi analiz edək və qarşıdakı matçda eyni səhvləri etməyək.

- İlk yarı sizin üstünlüyünüz şəraitində keçsə də, fasilədən sonra niyə hər birdən-birə rəqib tərəfə keçdi?
- İlk yarıda çox üstün oynadıq. Bəlkə də, çempionat oyunlarında bu qədər real qol şanslarımız olmamışdı. Onlardan bir-ikisini dəyərləndirsəydik, hesab 2:0 olacaqdı, matç da başqa cür alınacaqdı. Adi vəziyyətdən qol buraxdıq, üstünlük də rəqibə keçdi. Hesabı bərabərləşdirməyə çalışdıq. Alınmadı. 

- Hakimin qərarlarının oyunun nəticəsinə nə dərəcədə təsiri oldu?
- İlk dəfə idi görürdüm ki, qapıçı çöldə əllə oynasa da, ona qırmızı yox, sarı vərəqə göstərilir. Qaydalarda belə şey var ya, yox bilmirəm. Hakim VAR-a gəlirsə, qapıçıya qırmızı vərəqə verməliydi. Mənim üçün də müəmmalı qaldı ki, niyə qırmızı vərəqə verilmədi? Rəqib on nəfərlə qalacaqdı, hesabda da 1:0 öndə idik. Hakimə görə uduzduq demirəm. Günahı onun üzərinə atmıram. Real qol şanslarımızı dəyərləndirsəydik, hakim məsələsi yada düşməyəcəkdi. Ancaq hakimin o qərarı mənə qəribə gəldi. Bu cür qərar nə dərəcədə düzgündür?

- Ayxan Abbasov bildirdi ki, hakimlik bərbaddır və günü-gündən də pis olur....
- Hakimlər də insandır, onlar da səhv edə bilir, səhvsiz insan yoxdur. Çempionatımıza VAR da gəlib. Səhvləri minimuma endirmək olar. Bəlkə də yeni qayda çıxarıblar, amma qapıçı çöldə əli ilə oynayırsa, bu birbaşa qırmızı vərəqədir. “Qalatasaray” – “Beşiktaş” matçında bu cür epizod olmuşdu. Hakim VAR-a baxdı, gəldi, qırmızı vərəqə verdi. Baş məşqçimiz epizodlarla bağlı hər şeyi deyib. Elə epizodlar var ki, hakimlər də diqqətli olmalıdır. Çünki oyunun nəticəsinə təsir edən səhvlər olur. “Sumqayıt”la matçda da real penaltimiz verilmədi. 

- Hakimlər sizə qarşı qərəzlidir?
- Qəti düşünmürəm ki, hakimlər bizə qarşı qərəzlidir və ya bizi “sıxırlar”. Səhvsiz insan yoxdur, onlar da səhv edə bilər. Sırf “Səbail”lə oyunu deyirsinizsə, hamımız düşündük ki, Səlahət Ağayevə qırmızı vərəqə veriləcək. Amma baş hakim vermədi. Niyə belə oldu, anlamıram. Düşünmürəm, şəxsi qərəz və ya nəsə var.

- Matçın gedişində baş hakimə, oyundan sonra isə dördüncü hakimə sərt şəkildə etirazlar edirdin...
- Qırmızı vərəqə verilməməsinə görə, etiraz edirdim. Dördüncü hakimi tanıyıram, yaxşı uşaqdır. Qərarı verən baş hakimdir. O da dedi ki, qərarı baş hakim verir. Matçın gedişində isə Brunaonun vəziyyətinə görə etiraz etdim. Uduzursan, qələbə qazanmaq istəyirsən. nəticəsində çılığına dönürsən. Bundan sonra səhvlərimizi aradan qaldırıb yaxşı nəticələrə köklənəcəyik.

- Növbəti turda “Sabah”la qarşılaşacaqsınız. İlk dövrədəki kimi, rəqibi yenə məğlub edə biləcəksiniz?
- Çox yaxşı rəqibə qarşı oynayacağıq. “Sabah” yaxşı formadadır. “Neftçi” ilə oyunlarına da baxdım. Bizimlə matçda da xal qazanmaq istəyəcəklər. Hazırkı mövqelərindən çıxmaq niyyətindədirlər. Evdə oynayacağıq. Çalışacağıq ki, yaxşı nəticə qazanıb, azarkeşlərimizi sevindirək.

- “Turan Tovuz”un avrokuboklar şansı nə dərəcə realdır?
- Reallıqla danışsaq, qarşımıza avrokuboklara düşmək kimi məqsəd qoyulmayıb. Amma hər bir oyuna çıxanda xallar qazanmağa çalışırıq. Mən də istəyərəm ki, komandam avrokuboklara vəsiqə qazansın. Çempionatımız maraqlı və ağır gedir. Mövsümün sonunda necə olacağı görünəcək. Komandaların və çempionatın səviyyəsi artıb. Böyük rəqabət var. Hər matçda xal qazanmağa çalışırıq.

writer photo
Əlirza Əlirzalı
0