Ülvi İsgəndərov: “Belə olan halda, Birinci Liqaya düşməyimiz normaldır” - MÜSAHİBƏ
14.05.2024 - 21:07
Ülvi İsgəndərov: “Belə olan halda, Birinci Liqaya düşməyimiz normaldır” - MÜSAHİBƏ

“Qəbələ”nin hücumçusu Ülvi İsgəndərov Apasport.az saytına müsahibə verib.

- “Qəbələ”nin Premyer liqada qalmayacağı dəqiqləşdi. AFFA İcraiyyə Komitəsinin iclasından sonra hansı qərarın çıxacağını gözləyirdiz?

- Düzünü desəm, komanda sayının artırılacağına ümid edirdik. Premyer Liqada 12 komanda olsaydı, bizim də şansımız var idi. Sadəcə yeni sezonda da 10 komanda mübarizə aparacaq. Belə olan halda, Birinci Liqaya düşməyimiz normaldır. Çünki bizi Premyer Liqada saxlamaqları haqsızlıq olardı.

-Ümumiyyətlə, səncə AFFA “Qəbələ”ni yüksək liqada saxlamalıydı?

- Klub sayının artırılmasını istəyərdik. Yəni, AFFA yalnız o halda “Qəbələ”ni Premyer Liqada saxlaya bilərdi. İndiki halda isə normaldır. Amma “Qəbələ” Azərbaycan futbolu üçün çox işlər görüb, indi də görməkdədir.

- “Qəbələ”nin yüksək liqada olmaması Azərbaycan futboluna zərər vuracağını düşünürsən?

- Əlbəttə. Təsəvvür edin “Qəbələ”nin akademiyası olmasaydı, necə olardı? Bütün komandalarda, istər Premyer Liqada, istərsə də, Birinci Liqa, İkinci Liqa klublarında ən azından 3-4 futbolçu “Qəbələ”nin akademiyasının yetirməsidir. Bunlar faktdır.

- “Qəbələ” yeni sezondan Birinci Liqada çempionluq uğrunda oynayıb, yenidən Premyer Liqaya vəsiqə qazana bilər?

- Təbii ki, yenidən Premyer Liqaya qayıtmaq olar. Dünya futbolunda da bu cür hallar baş verir. Özü də, tez-tez. Yəni, dünya futbolunda belə halları az görməmişik.

- Komandada qalaraq Birinci Liqada oynamağı planlaşdırırsan?

- Bu haqda hələ ki, heç nə danışmamışıq. Yəqin ki, yaxın günlərdə bu barədə danışarıq. Əgər ehtiyac olarsa, əlbəttə ki, “Qəbələ” üçün Birinci Liqada da oynayarıq. Zaman hər şeyi göstərəcək.

writer photo
Əlirza Əlirzalı
0