Vanhazebruk: "Qarabağ"ın etdiyini biz edə bilmirik"
22.02.2023 - 20:13
Vanhazebruk: "Qarabağ"ın etdiyini biz edə bilmirik"

"Heyətdə zədəlilərimiz var. Vəziyyətləri yaxşıdır, amma bu, o demək deyil ki, sabah meydana çıxa biləcəklər. "Qarabağ" ilk matçdan sonra ölkə çempionatında 9 yeni futbolçu ilə meydana çıxdı. Biz bunu edə bilmirik".

Apasport.az xəbər verir ki, bunu UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Belçikanın "Xent" klubunun baş məşqçisi Hein Vanhazebruk sabah keçiriləcək cavab matçından öncə təşkil edilən mətbuat konfransında bildirib.

O, komandasında zədəlilərin çoxluğundan şikayətlənib. 59 yaşlı mütəxəssis qapıya daha çox zərbə endirməli olduqlarını söyləyib:

"İlk oyunda rəqibin yarısı qədər zərbə vurmuşduk. Bu yaxşı deyil. Qapıya zərbə vura bilmirsinizsə, qol da vura bilməzsiniz. Bunu yaxşılaşdırmalıyıq. Hər şey keyfiyyətə bağlıdır. Demirəm ki, keyfiyyətimiz aşağıdır. Amma şans yaratdıqda ondan yararlanmağı da bacarmalıyıq. Keyfiyyətli komanda olduğumuzu göstərməliyik. Qapıya düşə bilsək, qol da vuracağıq".

Qeyd edək ki, sabah keçiriləcək sözügedən matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Komandalar arasında ilk matçda "Qarabağ" minimal hesablı qələbə qazanıb – 1:0.

writer photo
Əlirza Əlirzalı
0