“Təklif gözlənilməz oldu. Rəhbərlik dəvət etdi, danışdıq, istəkləri ilə tanış oldum”.
Apasport.az saytının məlumatına görə, bunu “Araz-Naxçıvan”ın yeni baş məşqçisi Vitali Borisov deyib.
Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verən çalışdırıcı təyinatı barədə danışıb: “Araz-Naxçıvan” futzalımızın flaqmanıdır. İllərlə bu komandanın heyətində çıxış etmişəm, ən yüksək əyyarlı medallarımı da burada qazanmışam. Ona görə iddialı komanda olduğunu, hər zaman daha yüksək yer tutmaq, mükafat qazanmaq üçün mübarizə apardıqlarını bilirəm. Elə söhbət zamanı da məndən nə istədiklərini təxmini bilirdim. Əlbəttə, ilk tələb yeni mövsümü zirvədə başa vurmaq, eləcə də UEFA Çempionlar Liqasında əvvəlki iddialı “Araz-Naxçıvan”ı geri qaytarmaqdır. Çalışacağıq ki, yeni Çempionlar Liqası mövsümündə komanda bu dəfə ən güclü 16 iştirakçı arasında olsun”.
Baş məşqçi komandanın hazırlığa gələn ay başlayacağını, heyətdə hansı dəyişikliklərin olacağına da həmin vaxt aydınlıq gətiriləcəyini bildirib: “İyulun 15-də Bakıda hazırlıq prosesinə başlayacağıq, təlim-məşq toplanışını da burada keçirəcəyik. Heyətimizə də əl gəzdirəcəyik. Amma kimin qalacağına, kimlərlə güclənəcəyimizə yaxın günlərdə aydınlıq gətiriləcək. Məşqçilər və rəhbərliklə bunu müzakirə edəcəyik. Məqsədimizə uyğun komanda formalaşdıracağıq. Çünki tapşırıq aydındır - “Araz-Naxçıvan”ın beynəlxalq arenadakı əvvəlki nüfuzunu geri qaytarmaq”.
Borisov məşqçilərlə bağlı qərarına da aydınlıq gətirib: “Predraq Raiç və qapıçı-məşqçi Zoran Rakiçeviçi yaxından tanıyıram. Raiçlə hələ 2008-ci ildə Rusiya “Dina”sında bir yer yerdə oynamışıq. 2014-2015-ci illərdə “Fənər”də, 2015-2017-ci illərdə Serbiya “Ekonomaç”ında çıxış edən zaman isə baş məşqçim olub. O, bir müddət EKOL komandasının da baş məşqçisi olub. Kifayət qədər təcrübəli məşqçidir, eyni zamanda Azərbaycan futzalına və futzalçılarına yaxından bələddir. Yerli oyunçular da onu yaxşı tanıyır və hörmətlə yanaşırlar. Raiç UEFA tərəfindən futzal üzrə keçirilən məşqçi kurslarına da qatılıb və kateqoriyası var. Bütün bu sadaladıqlarım qərarıma təsir edən amillərdir. İnanıram ki, güclü və nizam-intizamlı, eyni zamanda mehriban kollektiv formalaşdıracağıq. Bunlar olan yerdə nəticə də qazanılacaq”.