Vladimir Miçoviç: “Onlar "Neftçi"nin səviyyəsinə uyğun gəlmir” - MÜSAHİBƏ
07.12.2023 - 17:07
Vladimir Miçoviç: “Onlar "Neftçi"nin səviyyəsinə uyğun gəlmir” - MÜSAHİBƏ

“Neftçi”nin sabiq futbolçusu Vladimir Miçoviçin apasport.az saytına müsahibəsi

- Bu mövsüm "Neftçi"dən gözləntilər yüksək olsa da, komanda yalnız 6-cı pillədə qərarlaşa bilib. Bu sizin üçün gözlənilməz olmadı?
- Əlbəttə ki, "Neftçi"dən gözləntilər hər zaman yüksəkdir. Hər mövsüm də belədir. Amma yenə də, gözlənilməz nəticələr qeydə alınır. Nə qədər olar? Hər mövsüm eyni şey, eyni səhvlər. Bunu nə vaxta kimi təkrarlamaq olar? Baş məşqçi seçimi, transferlər.... Nə deyim, bilmirəm. 

- Sizcə, komanda niyə yaxşı oynayıb, yaxşı nəticə göstərə bilmir?
- "Neftçi" layiq olduğu səviyyədə, durumda deyil. Bunu isə mövsümün əvvəlində dərhal görmək mümkün idi. Nəticə yoxdur. Bilirsiz niyə? Çünki legioner seçimi pis edilib, keyfiyyətsiz futbolçulardır. Onlar "Neftçi"nin səviyyəsinə uyğun gəlmir. Bütün bunlar hamısı komandanın çıxışına təsir edir.

- Adrian Mutunu da böyük ümidlərlə komandaya dəvət etdilər. Amma "Neftçi" effektiv futbol oynamağı bacarmır. ÇFR-in Mutu ilə maraqlandığı xəbərləri Rumıniya mətbuatında yayılıb. Sizcə, bu, Rumıniya mətbuatının Mutunun statusunu qorumaq üçün ortaya atdığı şayiələrdir?
- Mutu əla futbolçu olub. Bunu hamımız bilirik. Amma görünür ki, məşqçi kimi "Neftçi"də nəticə verməyi, nə isə etməyi alınmır. Rumıniya qəzetlərinin yazmasına gəlincə, nə istəyirlər, qoy yazsınlar. Mutu getsə də, getməsə də, "Neftçi" bu mövsümü yenə də itirdi. Bu faktdır. Çox təəssüflər olsun ki, belə alındı. 

- "Neftçi"də 4 hücumçu var və 15 turdan sonra onlar birlikdə cəmi bir qol vurub. Yeni transferlər praktiki olaraq, heç nə edə bilmirlər. Onlara hələ də vaxt vermək lazımdır, yoxsa uğursuz transferlərdir?
- Görünür ki, onlar "Neftçi"yə xeyir verəcək hücumçular deyil. Bilirsiz necədir? Yaxşı hücumçunun adaptasiyası üçün maksimum bir ay bəs edir. Nə isə, hər şey artıq aydındır. "Neftçi"yə daha səviyyəli, keyfiyyətli hücumçular lazımdır.

- "Neftçi" "Qarabağ"dan 10 xal geri qalır. Bəlkə, "Neftçi" elə ölkə kubokunu götürməyə köklənsə yaxşıdır?
- Bayaq dediyim kimi, bu mövsüm "Neftçi" üçün çempionluq artıq itirildi. Qalır ölkə kubokunu qazanmaq. Hardasa, mövsümü xilas etmək üçün bu lazımdır. Amma təəssüflə qeyd edirəm ki, "Neftçi" üçün bu cür oyunla kuboku qazanması da çətin görünür. Nə isə etmək lazımdır. 

- Son 10 ildə "Neftçi" cəmi bir dəfə çempion ola bilib, "Qarabağ" isə hegemonluq edir. "Neftçi" "Qarabağ"ın hegemonluğuna necə və nə vaxt son qoyacaq?
- Bəli, təəssüf ki, bu faktdır və doğrudur. Çox heyf ki, "Neftçi" son illərdə heç nə edə bilmir. Bəlkə də büdcəni yüksəldib, daha yaxşı futbolçular və ya baş məşqçi gətirmək lazımdır ki, o da komandaya hansı səviyyədə futbolçu gətirməyin vacib olduğunu anlasın. Yoxsa, aşağı səviyyəli futbolçu gətirmək lazım deyil. 

- Hazırda "Neftçi" də daxil olmaqla, Azərbaycan Premyer Liqasında cəmi bir serbiyalı legioner var. Bunu nə ilə əlaqələndirirsiz?
- Bunun nə ilə əlaqədar olduğunu heç bilmirəm. Azərbaycan böyük futbol bazarlarından biri olub. Hazırda Premyer Liqaya dünyanın müxtəlif ölkələrindən legionerlər ora yollanır. Siz deyən sualın dəqiq səbəbini bilmirəm.

- Uzun illər "Neftçi"nin qapısını qorumusuz. Hazırda oğlunuz Novak da qolkiperdir və "Los Anceles Qalaksi"nin qapısını qoruyur. Onun "Neftçi"nin formasında görmək istəyirsiz, yoxsa yoluna MLS-də davam etməsini?
- Bəli, Novakı "Neftçi"nin qapıçısı kimi görməyi çox istəyərdim. Amma o, hazırda özünü "Los-Anceles Qalaksi"də çox yaxşı tərəfdən göstərir. Sonradan Novak özünü Avropada, İngiltərə Premyer Liqasında sınamaq istəyir. Görək karyerası necə davam edəcək. İdmanda hər şey olur.
 

writer photo
Əlirza Əlirzalı
0