“Neftçi”nin müdafiəçisi Voyislav Stankoviçin apasport.az saytına müsahibəsi
- Azərbaycan kubokunun yarımfinalında “Turan Tovuz”la cavab görüşün bu qədər emosional keçəcəyini düşünürdün?
- Bilirdik ki, bizi qapanan rəqibə qarşı oyun gözləyir. Oyun çox emosional alındı. Psixoloji cəhətdən də ağır idi. Əsas olan ruhdan düşməmək idi. Bilirdik ki, "Turan Tovuz" qapanaraq bizi əks-hücumda gözləyəcək. Oyunun əvvəllərində də qol epizodlarımız var idi. Sadəcə vura bilmədik. 2 dəfə fərqləndik, amma baş hakim VAR-ın köməyi ilə bunları qeydə alınmadı. Son dəqiqələr çox emosional alındı. Emin Mahmudov əla qol vurdu. 90+7-ci dəqiqədə isə ikincini vuraraq layiqli şəkildə finala adladıq.
- Necə oldu ki, komanda son dəqiqələrdə qollarını vurdu?
- "Turan Tovuz" yaxşı müdafiə olunurdu. Bizdə isə bəzi anlarda bəxtimiz gətirmədi. Əgər 3-cü dəqiqədə vurduğumuz qol qeydə alınsaydı, daha açıq futbol gedəcəkdi. Onda oyun daha maraqlı və dinamik keçərdi. Sadəcə ofsayd qeydə alındı. Layiqli qələbə qazanıb finala çıxdıq. "Turan Tovuz" maksimumunu meydanda qoyurdu. Hücumlar edirdik, üstünlük bizdə idi. Topa sahib idik. Nəhayət ki, sonda qollarımızı vurduq.
- Son dəqiqələr getdikdə qələbəyə yenə də inanırdın, yoxsa artıq inamsızlıq yaranmışdı?
- Son saniyəyə qədər qolumuzu vurub, finala çıxa biləcəyimizə inanırdıq. Əmin idim ki, bir qolu vurduqdan sonra davamını da gətirə bilərik, daha asan olar. Məni üzən məsələ "Turan Tovuz" futbolçularının vaxtı aparıb, topu auta vurmaları idi. Başa düşürəm, futboldur. Onlar bilirdi ki, böyük təzyiq edəcəyik və hər saniyə özləri üçün çox vacibdir. Son saniyəyə qədər qələbəmizə inanırdım. Ona görə də qol vurub, buraxmamağımıza konsentrasiya olmuşdum.
- Finalda “Səbail”i, yoxsa “Qəbələ”ni görmək istəyirsən?
- Finalda hansı komandanın bizim üçün yaxşı olduğunu deyə bilmərəm. "Qəbələ"nin üstünlüyü var. Ümidvaram ki, orada da yaxşı və maraqlı oyun olacaq. Bizim üçün hansı komandanın finala çıxmasının önəmi yoxdur. Düşünürəm ki, "Qəbələ" çıxsa, çətin olacaq. Çünki onların yaxşı oyunu və futbolçuları var, yaxşı komandadır. "Səbail"də də yaxşı futbolçular var. Sadəcə onlarda bu mövsüm alınmır. Oyuna baxmaq maraqlı olacaq. Məncə, "Qəbələ"nin finala çıxmaq şansı böyükdür.
- Çempionluğu qazana bilmədiniz, mövsümü titulla başa vurmaq üçün kubok qazanmalısız. Bu sizə ikiqat təzyiq yaradır?
- Əlbəttə, "Neftçi" hər zaman ən yüksək yerlər üçün oynayır. Mövsümün əvvəlində heç kim bizə deməmişdi ki, biz çempion olmalı, kuboku qazanmalıyıq. Anlayırıq ki, böyük tarixi olan böyük komandada oynayırıq. Ona görə də, biz hər il yüksək məqsədlərimiz var. Çempionluğu qazanmağa bizə bəzi şeylər çatmadı. Bu barədə danışmayacam. Kubokda isə artıq finala çıxmışıq. Düşünürəm ki, yaxşı şansımız var. Neçə ildir komanda kubok qazana bilmir. Bunu əldə edərək, yeni tarix yazmaq istəyirik. "Neftçi" klub və komanda kimi ən yaxşılara layiqdir.
- Oyunun “Bakcell Arena”da keçirilməsi sizin üçün üstünlükdür?
- Bəli, öz arenamızda oynayacağıq. Məncə, finalda atmosfer əla olacaq. Azarkeşlərimiz çox olacaq. Ümidvaram ki, bu, bizim üstünlüyümüz sayılacaq. Finala çox yaxşı hazırlaşmalıyıq. Öz stadionumuzda da oynayacağıq. Kuboku qazanmağımız üçün hər şey var. Ümidvaram ki, bunu edəcəyik.