Vüqar Nadirov: “Qurbanov belə vəziyyətlərdən necə çıxmaq lazım olduğunu bilir” - MÜSAHİBƏ
05.10.2022 - 14:48
Vüqar Nadirov: “Qurbanov belə vəziyyətlərdən necə çıxmaq lazım olduğunu bilir” - MÜSAHİBƏ

“Qarabağ”ın sabiq futbolçusu Vüqar Nadirovun apasport.az saytına müsahibəsi

- Misli Premyer Liqasında itkisiz irəliləyən “Qarabağ” Avropa Liqasının qrup mərhələsində keçirdiyi ilk iki turda aktivinə 3 xal yazdırıb. Bunu uğurlu start saymaq olar?
- Hələ püşkatma olandan sonra deyirdilər ki, “Qarabağ” bu qrupda heç 3 xal da toplamayacaq. Amma mən yaxşı nəticələr olacağını bildirirdim. İlk turdan göründü ki, qrupda qırğın gedəcək.

- Azərbaycan çempionu sabah III tur çərçivəsində “Olimpiakos”un qonağı olacaq. Bu matçdan nə gözləyirsiniz?
- Nəzərə alaq ki, “Olimpiakos”un ilk iki turda xalı yoxdur. Yeni baş məşqçiləri var, futbolçular özlərini ona göstərməyə çalışacaqlar. Amma mənə elə gəlir ki, “Qarabağ” evdəki qalan iki oyunda qələbə qazansa, Konfrans Liqasına vəsiqəni təmin edəcək. 

- Bəs Avropa Liqasında növbəti mərhələ şansını necə görürsünüz?
- Niyə də olmasın? Bu turnirdə də irəliləmək mümkündür. Amma Konfrans Liqası daha yaxındır. Çünki “Qarabağ”ın evdə bir qələbəsi var. Öz meydanında keçirəcəyi digər iki görüşdə də qalib gəlsə, çıxışını ən azı Konfrans Liqasında davam etdirəcək. Hər şey öz əlindədir.

- İstər Avropa Liqasında “Nant” (3:0), istərsə də ölkə çempionatında “Zirə” (7:1) və “Neftçi” (3:1) üzərində inamlı qələbənin Pireydə komandaya psixoloji cəhətdən köməyi dəyə bilər?
- Əlbəttə. Millətlər Liqasında da 6 futbolçusu yığmanın əsas heyətində oynayırdı. Bu baxımdan kiçik yorğunluq ola bilər. Amma fikrimcə, yorğunluğu üzərlərindən atmaq və bərpa olunmaq üçün vaxtları oldu. Qurban Qurbanov belə vəziyyətlərdən necə çıxmaq lazım olduğunu bilir. Futbolçulara elə şans verir ki, hamı formada, eyni tempdə qalır. Bəzi oyunçular çempionatda, bəziləri də avrokubokda daha çox oyun şansı qazanır. Buna görədir ki, ehtiyatdan meydana daxil olanlar komandanın ümumi tempinin aşağı düşməsinə imkan vermir. “Olimpiakos”a səfərdə qalib gəlməklə yaxşı şans əldə etmək olar.

- “Olimpiakos”da baş məşqçi dəyişikliyini vurğuladınız. Bunun “Qarabağ”la oyunöncəsi baş verməsi təmsilçimizin əleyhinə işləməz?
- Bu da mümkündür. “Olimpiakos”un azarkeşləri də çox çılğındır. Ancaq mənə elə gəlir ki, “Qarabağ” oradan xalla dönəcək. Arzum odur ki, 3 xal qazanaq. Amma 1 xal da yaxşı nəticə sayılar. Bir həftə ərzində “Olimpiakos”la həm səfərdə, həm də evdə oyun olacaq. Bu iki görüşdən 4 xal gözləyirəm.

- Bunun üçün “Olimpiakos” önündə daha çox nəyə diqqət yetirmək lazımdır?
- Açığı, “Olimpiakos”un hazırkı durumundan xəbərim yoxdur. Üstəlik, yeni baş məşqçinin rəhbərliyi altında oynayırlar. Onları tam öyrənmək üçün sabahkı oyunu izləmək lazımdır. Məncə, “Olimpiakos”un əsas gücü azarkeşləridir. Çünki məhz fanatları hesabına yaxşı nəticələr qazanırlar. Düzü, bunun “Qarabağ”a mənfi təsir göstərəcəyinə inanmıram. Çünki təmsilçimiz çılğın fanatlar önündə oynamağa öyrəşib. Azarkeş ancaq öz komandasının daha yaxşı motivasiyada oynamasına dəstək ola bilər.
 

writer photo
Əlirza Əlirzalı
0