Vüsal İsgəndərli vəfat edən komanda yoldaşı barədə: "Şoka salan hadisədir" - Müsahibə
12.11.2023 - 14:39
Vüsal İsgəndərli vəfat edən komanda yoldaşı barədə: "Şoka salan hadisədir" - Müsahibə

"Eqnatiya"nın futbolçusu Vüsal İsgəndərlinin apasport.az saytına müsahibəsi


- Albaniyada işlər ürəyincədir? Artıq komandanın aparıcı və əvəzedilməz futbolçususan. 
- Əslində, Albaniyada işlər istədiyim kimi başladı. Komandaya və ölkəyə, liqaya tez uyğunlaşdım. İnanıram ki, daha çox qol vuracam. Son oyunda ehtiyatda qaldım. Bu da zədə ilə bağlıdır. Yüngül zədəm var idi deyə, baş məşqçi dincəlməyimi istədi. Növbəti oyunda əsas heyətdə oyuna çıxsam, komandama yenə kömək etməyə çalışacam.


- Maraqlıdır, klub sənə maaşla bağlı hər hansı problem yaratmır? Çünki Albaniya klublarında maaşla bağlı problemlər yaşanır...
- Yox, klubda hər şey qaydasındadır. Maaşlarımız da hər ay, tam vaxtında verilir, heç bir problemlə qarşılaşmamışam. Özümü klubumda rahat hiss edirəm.


- "Eqnatiya"dakı karyeran özün üçün maraqlı alındı. Hər halda, ilk görüşünü İrəvanda keçirmişdin. Müstəqillik dövründə Ermənistana getmiş yeganə azərbaycanlı futbolçusan.
- Əlbəttə, Ermənistan səfəri maraqlı alındı. Azərbaycanlı olaraq orada olmaq, ölkəmi təmsil etmək çox qürurverici idi. Təbii ki, yenə Ermənistan klubu ilə düşsək, çəkinmədən yenə ora gedərəm.

- Gələk, milli komandaya. "Eqnatiya"da da oynayırsan, ancaq Azərbaycan millisinə dəvət edilmirsən. Səncə, Canni De Byazi sənin oyun stilini bəyənmir, yoxsa Albaniyada oynamağın milliyə yol açmır? Bəlkə De Byazi daha güclü liqada oynamağını gözləyir? -

Bəs Türkiyədə oynayanda necə? Azərbaycanda oynayanda necə? Bilirsiz, belə vəziyyətdə nə qədər istəməsən də, motivasiya sarıdan adama təsir edir. Bilmirsən ki, milliyə niyə dəvət edilmirsən, səbəbini də anlamırsan. Oynamaqdırsa, oynayıram, qol vurmaqdırsa, onu da edirəm. Başqa hansı səbəb var, anlamıram. 


- Səncə, milli komandada oynayacaq gücdəsən? Millidə yer alan futbolçulardan yəqin ki, özünü zəif hesab etmirsən?
- Əlbəttə ki, milli komandamızda oynayacaq gücdəyəm. Özümdə o gücü hiss edirəm. Gəlsəm, yığma üçün əlimdən gələni edəcəm.


- Maraqlıdır ki, milliyə dəvət edilmişdin. Hətta Slovakiya ilə görüşdə də oynamışdın. Bəlkə həmin vaxtı nəsə baş vermişdi?
- Yox, əslində çox yaxşı münasibət olmuşdu. Canni De Byazi məndən çox danışırdı. Mənə də ən çox maraqlı olan bu oldu. Sonradan niyə dəvət etmədi, başa düşmədim. 


- Qarşıdakı Belçika və İsveç görüşlərinə də edilməsən, yəqin ki, De Byazinin göndərilməsini gözləyəcəksən ki, bəlkə milliyə dəvət edildin?
- Yox, özüm dəvət edilim, oynayım deyə, heç vaxt kiminsə getməyini istəmərəm. Əgər qismətimdə varsa, dəvət ediləcəm. Yoxdursa, milli üçün ən yaxşısı nədirsə, onu arzu edəcəm.


- Heç Albaniyada komanda yoldaşların, baş məşqçi, klub rəhbərliyi soruşur ki "səni milliyə niyə çağırmırlar? Axı, Azərbaycan millisi güclü deyil və orada "Real", "Napoli"dən oyunçular oynamır". Belə deyiblər?
- Vallah klubda mənə ən çox verilən sual bu olub. Cavabım isə hər dəfə eynidir: mən də sizin kimi bilmirəm.


- Komanda yoldaşın Rafael Dvamena dünyasını dəyişdi. Həmin hadisəni necə şərh edəcəksən?
- Təbii ki, çox üzücü və şok vəziyyəti yaradan hadisədir. Bildiyim qədərilə ürəyində aparat var idi. Amma belə, heç vaxt problemi yox idi, məşqlərdə, oyunlarda, hər şey normal idi. Qismətdir. Allahın yazdığı budur. Təbii ki, çox ağır durumdur. Ailəsinə səbir diləyirəm. Rafael həm futbolçu, həm də insan kimi çox yaxşı biri idi. Çox heyf.


- Bu komandaya necə təsir edəcək?
- Əlbəttə ki, belə durumda futbol oynamaq çətindir. Bütün futbolçulara təsir edib və edəcək. Bundan sonrakı oyunları onun üçün oynayacağıq. Çalışacağıq ki, Rafael üçün qazanaq. Ağır olsa da, oyunumuza, məşqlərimizə köklənməyə çalışacağıq. 

writer photo
Əlirza Əlirzalı
0