Bəlkə də Toral Bayramov son saniyələrdə 100 faizli qol vəziyyətini dəyərləndirə bilsəydi, bu gün milli barədə başqa fikirlər səsləndirəcək və ya yazacaqdıq. Hər halda Estoniya zəfərinin ardından, yığmanın Avstriya kimi Avropanın “bərk qoz”u ilə “doğma divarlar” arasında olsa belə heç-heçə etməsi heç də pis nəticə sayılmayacaqdı. Təəssüf ki, “Qarabağ”ın futbolçusu “Tofiq Bəhrəmov”a üz tutan 7 minə yaxın azarkeşi, ekran qarşısında oyunu izləyən yüzminlərlə futbolsevəri coşdura, qol sevinci yaşada bilmədi. Halbuki, Toral hər şeyi düz etdi. Boş zonaya açıldı, topu rahat saxladı, vaxtında pauza etdi... Lakin millimizin “17 nömrə”si “ ən vacibini edə, yaxın məsafədən “çərçivə”ni düz nişan ala bilmədi.
O dəqiqəyə qədər isə yığmanın futbolçuları rəqibin qapısı önündə bir dənə də olsun yadda qalan təhlükə yarada bilməmişdi. Ümumiyyətlə, matçboyu nə Canni de Byazinin yetirmələri, nə də qonaqlar o qədər də parlaq, məzmunlu oyun sərgiləməmişdi. İstisna hal kimi Avstriyanın ikinci hissənin əvvəlində penaltidən vurduğu qolu qeyd etmək olar ki, o da bir qədər gözlənilməz alınmışdı.
3 gün əvvəl Estoniya ilə oyundan fərqli, Avstriya ilə matçda milli bir qədər yorğun görünürdü. Komanda hücum fazasında demək olar ki, heç nə ilə yadda qalmadı. Düzdü, sol cinahda Ramil Şeydayev hücumun sivri ucunda yer alan Renat Dadaşovdan daha fəal idi. Ancaq o da istəniləni nümayiş etdirə bilmirdi. Şeydayev həmişəki kimi çox qaçır, mübarizə aparır, bəzən müdafiənin də köməyinə çatırdı. Ancaq etiraf edək ki, Ramilin əsas işi hücumu kəskinləşdirmək, avstriyalı müdafiəçilərə çətin anlar yaşatmaq və ən nəhayət qol vurmaqdı ki, bunu da onda görmədik. Dadaşov isə ümumiyyətlə, kölgəyə çəkilmişdi. Bəlkə də komanda yoldaşları Renatı istənilən şəkildə topla təmin etmədiyindən forvard rəqib qolkiperini narahat edə bilmədi.
Yarımmüdafiəçilərin oyunu da ürəkaçan olmadı. Yaradıcı futbolçu kimi tanınan Emin Mahmudov və Aleksey İsayev suyu qurumuş kəhrizə bənzəyirdisə, Coşğun Diniyevin faydalı iş əmsalı çox aşağı idi. Məhz bu səbəbdən yığmanın hücumları – təbii ki, buna hücum demək olarsa – bir çox hallarda Avstriyanın cərimə meydançasının həndəvərində başa çatırdı. “Tofiq Bəhramov”da keçirilən qarşılaşmada yalnız Toral Bayramlı barədə xoş sözlər söyləmək mümkündü. Toral xüsusilə ilk yarıda daha çox diqqət mərkəzinə düşüdü. 5-li müdafiənin sağında çıxış edən gənc futbolçu tez-tez hücuma dəstək verir, cinahboyu sürətli reydləri ilə rəqibə çətin anlar yaşadırdı. Bir də Şahruddin barədə. Millinin bir nömrəsi Avstriya ilə matçda səhvsiz oynadı. Qolkiper Marsel Sabitzerin fərqləndiyi penalti epizodunda küncü dəqiq müəyyənləşdirsə də, bəxtizlikdən topa toxuna bilmədi.
Avstriya ilə oyun nə göstərdi? Yığma hələ də cüt matçlarda sabitlik nümayiş etdirməkdə çətinlik çəkir. Bundan başqa bitiricilik baxımından çatışmazlıq yenə hiss olunur. Və ən əsası hələ də komandada qalib ruh formalaşmayıb.
Rəşad Qasımov