Yeqor Xvalko: "Kəpəz" Premyer Liqada qalmağın öhdəsindən gəldi" - Müsahibə
16.04.2024 - 16:36
Yeqor Xvalko: "Kəpəz" Premyer Liqada qalmağın öhdəsindən gəldi" - Müsahibə

"Kəpəz"in kapitanı Yeqor Xvalko apasport.az saytına müsahibə verib.

- "Kəpəz" "Səbail"lə 3:3 oynadı. Matçı necə şərh edəcəksən? Səncə, ədalətli nəticə qeydə alındı?
- Azarkeşlər üçün əla oyun idi. Çünki son saniyəyə qədər meydanda intriqa var idi, sona qədər də ölmədi. Təbii ki, qələbə də qazana bilərdi. Daha çox qol vurmağa yaxın idik. Lakin fasilədən sonra müdafiə xəttimiz etibarlı oynamadı. Üstəlik, müdafiə xətti məşqçilər korpusunun tələb etdiyi kimi oynamağı bacarmadı. Fikrimcə, hardasa ədalətli nəticə oldu. Bu görüşdə məğlubiyyətə dəqiq layiq deyildik.

- Hesabda 2:0 öndə idiniz, amma qalib gələ bilmədiz. Üstünlüyü qorumağınıza nə mane oldu?
- Bayaq dediyim kimi, müdafiə xəttində istədiyimiz kimi oynaya bilmədik. Asan və rahat qollar buraxdıq. Halbuki, daha rahat oynamaq mümkün idi. Lakin belə olmadı.

- Demək olar ki, "Kəpəz" artıq Premyer Liqadakı yerini qorudu və birinci diviziona düşmək təhlükəsi yoxdur? Yəqin ki, bu turu da məğlubiyyətlə başa vuran "Qəbələ" sizi keçə bilməz?
- Fikrimcə, bəli, "Kəpəz" Premyer Liqada qalmağın öhdəsindən gəldi. Çünki hazırkı xal fərqini aradan qaldırmaq indiki məqamda real deyil. Biz artıq irəlini fikirləşirik. Bizi 8-ci pillədən cəmi 1 xal ayırır. Turnir cədvəlində gücümüz çatdığı qədər irəliləmək istəyirik.

- Səncə, mövsümün əvvəlindən komandanı Adil Şükürov çalışdırası olsaydı, indi tamam başqa mövqedə idiz? "Kəpəz"də işlədiyiniz mütəxəssislər arasında hansı fərqlər var?
- Razıyam, məncə, biz avrokuboklar uğrunda mübarizə aparan komandalar sırasında olardıq. Hamı görür ki, biz daha yaxşı futbol oynayırıq, stabillik göstəririk, xallarımızı toplayırıq. Prinsipcə, komandada hamı ilə münasibətimiz çox yaxşı olub. Sadəcə, siz dedikləriniz fərqli məşqçilərdir. İnanın, hər biri ilə münasibətim yaxşı olub və indiki məşqçimizlə də yaxşıdır. Diqqətinizə çatdırım ki, mən komandaya hələ Yaşar Vahabzadənin vaxtında gəlmişdim. Hətta onun özü ilə də yaxşı münasibətim var. Çünki mən daim komanda üçün çalışmışam, indi də buna davam edirəm. 

- Növbəti turda "Sabah"la qarşılaşacaqsız. Bu komanda dünən "Qarabağ"ı məğlubiyyətə uğrada bildi. Səncə, onları məğlub edə biləcəksiz?
- Artıq "Səbail"lə oyun geridə qaldı. Biz qarşıdakı tura hazırlaşacağıq. Turnir cədvəlində yuxarı pillələrə qalxmaq niyyətindəyik. Bu mövsüm "Sabah"ı məğlub edə bilməmişdik. Bunu isə mövsümdə ilk dəfə rellaşdırmaq istəyirik. "Sabah"a qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Ümidvaram ki, istəyimizi reallaşdıra biləcəyik.

- Gəncə şəhər stadionu artıq yenidən inşa edilir, hətta ölkə başçısı da arenanın təməlini qoydu. Həmin vaxta qədər "Kəpəz"də qalıb yeni stadionda oynamaq istəyərdin?
- Bir ildən sonra stadionu tikəcəklər. Bu isə çox əla xəbərdir. Çünki insanlar Gəncədə futbolu o qədər çox sevir ki.. Onlar bu şəhərin də gözəl, rahat, uyğun stadionu olmasına layiq idilər. Mənimlə bağlı isə görək də, gələcəkdə nələr olacaq, nələr baş verəcək. Bu mənada, heç kimlə danışmamışam, bir söz deyə bilmərəm. Gələcəkdə nə baş verəcəyini özüm də bilmirəm. Yaşayaq, görərik.

writer photo
Əlirza Əlirzalı
0