"Kəpəz"in kapitanı Yeqor Xvalko apasport.az saytına müsahibə verib.
- "Kəpəz" "Şamaxı" ilə yoxlama görüşü keçirdi və rəqibinə uduzdu. Matç sizin üçün necə alındı, oyunu istədiyiniz kimi oynaya bildiniz?
- Bizim demək olar ki, indi lap yeni komandamız var. Ona görə də zamana ehtiyac var. İndi yavaş-yavaş bir-birimizə uyğunlaşmağa çalışırıq. Dünənki görüşdə də bəzi şeylər alındı. Lakin zamanla hər şeyin daha yaxşı olacağına inanıram.
- "Şamaxı" bir illik fasilədən sonra Premyer Liqaya geri qayıtdı. Onların gücünü necə dəyərləndirirsən?
- Fikrimcə, indi qiymət vermək mənasızdır. Çünki bu komanda əvvəlki ilə müqayisədə tamam başqa komandadır. Baxın, onların nə qədər yeni futbolçuları var, baş məşqçisi də yenidir. Premyer Liqada asan rəqib, asan komanda yoxdur. Hazırlıq prosesinə görə hansısa komandanı dəyərləndirməyin isə mənası yoxdur. Hər şeyi çempionat göstərəcək.
- "Şamaxı" bu sezon toplanış zamanı ilk yoxlama görüşü keçirirdisə, siz ikinci matça çıxmışdız. "Turan Tovuz"a da 0:4 uduzmuşdunuz. Səncə, hansı matçı daha yaxşı keçirdiniz?
- Məncə, ikinci oyunu daha yaxşı səviyyədə keçirdik. İlk oyunda daha çox gənc uşaqlar oynadı. "Turan Tovuz" isə həmin oyuna qədər daha yaxşı hazırlıqlı idi. Bizdə isə toplanış yeni başlayırdıq. "Turan Tovuz" isə həmin vaxtı ölkədaxili toplanışını başa vurub, Türkiyəyə yollanacaqdı. Bir daha təkrar edirəm, bunlar hamısı hazırlıq dövrüdür. Burada oyunun hesabı o qədər də önəmli deyil. Hər bir komandanın toplanış zamanı qarşısına qoyduğu məqsəd var.
- "Kəpəz"dən çoxlu sayda futbolçular, həmçinin əksər legionerlər getdi. Səncə, onları niyə saxlaya bilmədiniz? Kapitan olaraq hansısa legionerin qalması üçün söhbət etmişdin?
- Bu heç kimə sirr deyil.Futbolçularımıza daha yaxşı təkliflər gəldi. Bizim klubumuz isə o cür təkliflərlə rəqabət apara bilməz. Təbii ki, komandanın özəyi qalsaydı, bu, komandanın inkişafı üçün faydalı olardı. Bilirəm ki, hamı ilə söhbət oldu, amma uşaqlar öz yolunu seçdilər. Onlara uğurlar arzulayıram, öz işləri ilə buna layiqdirlər.
- Daha çox hansı legionerin gedişi komandaya böyük təsir göstərəcək?
- İndiki mərhələdə bu suala cavab vermək çətindir. Mən üçüncü ildir ki, komandadayam və ilk mövsümdən sonra demək olar ki, bütün heyət dəyişdi. Hamı elə bildi ki, bunun öhdəsindən gələ bilməyəcəyik. Yeni oyunçular gəldi və biz bunun öhdəsindən də gəldik. Fikrimcə əvəzolunmaz oyunçular yoxdur. Ona görə ümid edirəm ki, itkilər bizə təsir etməyəcək.
- Yeni gələn oyunçular da var. Səncə, yeni gələnlər ötən mövsümkü legionerlərin əvəzini verə biləcək?
- Oyunçular müxtəlif durumda gəliblər, bəziləri daha yaxşı hazırlıqlıdır, bəziləri isə yox. İndi hər şeyi ortaq məxrəcə gətirməliyik. Əsas odur ki, məşqçi onları bəyənsin. Bütün futbolçular özünəməxsus şəkildədir. Bizim necə komandamız olduğunu ancaq çempionat göstərəcək.
- Yeri gəlmişkən, Adil Şükürov müsahibəsində bildirib ki, Yeqor Xvalko kapitan kimi davranaraq, 30 min dollarından keçib "Kəpəz"də qaldı. Maraqlıdır, səni istəyən hansı komanda idi, hansı komandadanın təklifini geri çevirmisən?
- Əvvəlcə Adil müəllimə bu sözlərinə görə təşəkkür edirəm. İkincisi, mən özüm komandada qalmaq istəyirdim. İlk növbədə, “Kəpəz”dən təklif gözləyirdim. Düzü, bir neçə təklifim var idi, amma böyüməyim üçün başqa kluba keçməyin mənasını görmədim.
- "Kəpəz" yeni sezon hansı hədəf üçün oynayacaq? Səncə, gücünüz yalnız Premyer Liqada qalmaq uğrunda oynamağa yetəcək, yoxsa avrokuboklar da mümkündür?
- “Kəpəz” büdcəsindən asılı olmayaraq komplektləşir. Təbii ki, hər kəs birinci yerdə olmaq istəyir. Amma bu, belə olmur, hər şeyə obyektiv baxmaq lazımdır. Avrokuboklar uğrunda mübarizə aparmaq üçün heyətdə 23 eyni səviyyəli oyunçu olmalıdır ki, hər mövqedə ən azı iki nəfər olsun, rəqabət aparsınlar. İndiki məqamda bizim klub bu qədər eyni səviyyəli oyunçularla müqavilə imzalaya bilmir. Amma bilirik ki, rəqabət tərəqqinin mühərrikidir. Ona görə də problemlərimizi həll edəcəyik, təbii ki, birinci vəzifə liqada yerimizi qorumaq olacaq, amma Allah qoysa, daha yüksək yerlər üçün mübarizə aparacağıq.