Yığmamızın finiş planı – 10-cu olacaq
25.09.2022 - 13:03
Yığmamızın finiş planı – 10-cu olacaq

Bu gün Qazaxıstanla qarşılaşacaq Azərbaycan millisinin 2022-ci il üçün finiş planı bəllidir.

Apasport.az saytının məlumatına görə, yığmamız noyabrda Moldova və Şimali Makedoniya ilə yoldaşlıq oyunları keçirəcək.

Ötən il də qüvvəmizi sınadığımız Moldova ilə indiyədək 11 matç baş tutub. Bunların da 9-u yoxlama xarakteri daşıyıb. Kişinyovdakı qarşılaşma 10-cu belə sınaq olacaq.

Əvvəlki oyunlarda üstünlük rəqibin tərəfindədir. Cəmi 2 qələbəsi olan millimiz 5 heç-heçə edib və 4 dəfə meydandan məğlub ayrılıb. Aşağı məhsuldarlıq qeydə alınan görüşlərdə 6 top vuran futbolçularımız 9-nu buraxıb.

Kişinyov komandamız üçün uğursuz məkandır. Moldova paytaxtındakı 5 qarşılaşmada yeganə heç-heçə ilə təsəlli tapan millimiz 4 dəfə uduzub.

Yoldaşlıq oyunları
2 sentyabr 1994. Kişinyov. YO. Moldova – Azərbaycan – 2:1
22 mart 1998. Bakı. YO. Azərbaycan – Moldova – 1:0
DÇ-2002-nin seçmə mərhələsi
24 mart 2001. Bakı. DÇ. Azərbaycan – Moldova – 0:0
1 sentyabr 2001. Kişinyov. DÇ. Moldova – Azərbaycan – 2:0
Yoldaşlıq oyunları
31 mart 2004. Kişinyov. YO. Moldova – Azərbaycan – 2:1
9 fevral 2005. Bakı. YO. Azərbaycan – Moldova – 0:0
18 may 2006. Kişinyov. YO. Moldova – Azərbaycan – 0:0
26 may 2010. Seekirchen (Avstriya). YO. Moldova – Azərbaycan – 1:1
17 noyabr 2015. Bakı. YO. Azərbaycan – Moldova – 2:1
30 yanvar 2018. Antalya (Türkiyə). YO. Azərbaycan – Moldova – 0:0
6 iyun 2021. Kişinyov. YO. Moldova – Azərbaycan – 1:0

Şimali Makedoniya ilə son duel 4 il əvvələ təsadüf edib. Ümumilikdə isə bu rəqiblə 7 dəfə qarşılaşan millimiz qələbəyə həsrətdir.

2 heç-heçəsi olan yığmamız 5 dəfə meydanı məğlub tərk edib. 5 dəfə rəqib qapısına yol tapan futbolçularımız 14 qol buraxıb.

Bu oyunlardan ikisi seçmə, beşi yoldaşlıq xarakteri daşıyıb. İkinci dəfə Skopyenin qonağı olacaq yığmamız bu şəhərdən böyükhesablı məğlubiyyətlə dönüb.

Yoldaşlıq oyunu
27 iyul 2000. Varna (Bolqarıstan). YO. Makedoniya – Azərbaycan – 2:1
DÇ-2002-nin seçmə mərhələsi
6 oktyabr 2000. Skopye. DÇ. Makedoniya – Azərbaycan – 3:0
5 sentyabr 2001. Bakı. DÇ. Azərbaycan – Makedoniya – 1:1
Yoldaşlıq oyunları
29 may 2010. Bischofshofen (Almaniya). YO. Makedoniya – Azərbaycan – 3:1
10 avqust 2011. Bakı. YO. Azərbaycan – Makedoniya – 0:1
29 may 2016. Şvadorf (Avstriya). YO. Azərbaycan – Makedoniya – 1:3
27 nart 2018. Antalya (Türkiyə). YO. Azərbaycan – Makedoniya – 1:1

Qeyd edək ki, Moldova – Azərbaycan dueli noyabrın 16-da “Zimbru” stadionunda təşkil olunacaq. Yığmamız 4 gün sonra ilin son görüşündə Şimali Makedoniya ilə qarşılaşacaq.

writer photo
Əlirza Əlirzalı
0