Albaniyada legioner həyatı yaşayan, “Eqnatiya”nın aparıcı üzvü Zamiq Əliyev apasport.az saytına müsahibə verib. Azərbaycan millisinə cəlb olunmaq üçün legioner həyatı yaşamağa qərar verən müdafiəçi Fernandu Santuşun diqqətini cəlb etməməsi haqda da fikir bildirib.
- "Eqnatiya" üç turdan sonra 7 xalla turnir cədvəlində liderlik edir. Geridə qalan 3 turu komandanız üçün necə dəyərləndirirsən?
- Mövsümə yaxşı başlamışıq. Halbuki son oyunda istəmədiyimiz xal itkisi oldu. Rahat qalib gələ biləcəyimiz oyunda iki xal itirdik. Ancaq hələ liqa yeni başlayıb. Qarşıda bizi uzun marafon gözləyir. Növbəti oyunlara köklənib, hər matçda maksimum xallar toplamağa çalışacağıq. İnanıram ki, bunları edə biləcəyik. Çünki buna gücümüz var.
- Komandanın əsas oyunçularından birinə çevrilə bilmisən. Bu komandanın əsas heyətində oynamaq sənin üçün daha da rahatlaşıb?
- Gün keçdikcə komandaya daha çox uyğunlaşıram. Əslində, daha öncə də vurğuladığım kimi bura tez uyğunlaşdım. Heç bir çətinlik olmadı. Özümü burada çox rahat və inamlı hiss edirəm. Rəhbərlik, komanda yoldaşlarım və baş məşqçi də mənim rahatlığım, komandaya tez öyrəşməyim üçün bütün addımları atırlar, mehriban kollektivimiz var.
- Albaniya çempionatında xüsusi çətinlik hansı detallardır? Hansı məqamlar var ki, Azərbaycan Premyer Liqasından çox fərqlənir?
- Burada fiziki məşqlər daha ağır olur. Azərbaycandan fərqli olaraq, fiziki məşqlərimiz ağır keçir. Qaldı ki, Premyer Liqa ilə Albaniya çempionatının fərqinə, burada futbolu daha sürətli oynayırlar. Başqa heç nə.
- Azərbaycan milli komandasının toplanışı oldu. Millimiz bu gün İsveçə, ayın 8-i isə Slovakiya ilə qarşılaşacaq. Fernandu Santuşdan dəvət gözləyirdin? Ehtimal edirdin ki, yığmaya dəvət edər səni?
- Düzünü desəm, az da olsa, ümidim var idi ki, bəlkə millidən dəvət gələr. Ancaq bu dəfə olmadı. Baş məşqçinin qərarına hörmətlə yanaşıram. Qarşıdakı toplanışlarda dəvət almaq üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. Milli komandamıza qarşıdakı oyunlarda uğurlar arzu edirəm. Millidə kimin yer almasından asılı olmayaraq, hər zaman bu komandaya dəstək çıxmaq lazımdır. Çünki milli bizimdir.
- Əslində, bir müddət əvvəl bildirmişdin ki, legioner həyatını seçməyində əsas səbəb milliyə dəvət edilmək, milli məşqçilərinin diqqətini cəlb etməkdir. Millidən uzun müddət dəvət olmasa, legioner həyatını da yekunlaşdırmağı fikirləşəcəksən?
- Bəli, əvvəl də demişdim ki, ölkə xaricinə getməyimin əsas səbəbi özümü burada daha çox inkişaf etdirib, milli komandaya düşməkdir. Milli komandaya dəvət olmasam belə, legioner həyatını yekunlaşdırmaq fikrində əsla olmayacam. Əksinə, burada yüksək performans göstərib, daha yaxşı liqalara və iddialı klublara keçmək əsas hədəflərimdən biridir. Ümid edirəm ki, qarşıdakı oyunlarda öz performansımla məşqçilər korpusunun diqqətini cəlb edə biləcəm. Allah qoysa, mənə də bir gün milli komandadan dəvət gələcək. Bunun üçün əlimdən gələn hər şeyi edəcəm.