Albaniyanın “Eqnatiya” klubunda oynayan Zamiq Əliyev Apasport.az saytına müsahibə verib. O, yeni klubundakı durumundan, avrokuboklardakı iştirakından söhbət açıb:
- Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda "Vikinqur"u məğlub etdiniz. Demək olar ki, növbəti mərhələyə çox yaxınsınız. Yəqin ki, bu şansı əldən verməyəcəksiz. İlk oyun necə alındı və səncə, cavab görüşündə də qalib gələcəksiz?
- İlk oyunda qələbə qazanmağımıza baxmayaraq, deməzdim ki, buna çox yaxınıq. Sadəcə cüzi üstünlüyümüz var və bunu davam etdirmək istəyirik. İlk oyun çətin keçdi. İslandiya səfəri çox komanda üçün ağır olur. Bizim üçün də çətin alındı. Amma əsas odur ki, Albaniyaya lazım olan nəticə ilə dönə bildik. Allah qoysa, cavab oyununda azarkeşlərimiz qarşısında qələbə qazanaraq mərhələni keçəcəyik.
- Üçüncü mərhələdə "Virtus"-"Flora" cütünün qalibi ilə oynayacaqsız. Demək olar ki, sizin üçün çox uyğun cütlükdür? Belədə, pley-off şansı daha da çoxalır?
- Hər iki rəqibə də hörmətlə yanaşırıq. Ancaq düşünürəm ki, hər ikisi də keçiləsi rəqibdir.
Bunun üçün minimum səhvlə oynamalıyıq. Çünki bu mərhələlərdə ən xırda səhvlər cütün taleyini həll edir. Maksimum dərəcədə diqqətli oynamağa çalışırıq.
- Yəqin ki, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin "Boraç"a qarşı oyununun təkrarını özün də izləmisən. Sanki bu matçda növbəti mərhələyə çıxmağa daha layiq tərəf siz idiz. Səncə, sizə nə imkan vermədi?
- Doğrudur, yaxşı oynamışdıq. Sadəcə sanki dəqiqlik çatmadı. Kifayət qədər qol imkanlarımız da oldu. Sadəcə son zərbələrdə dəqiqlik çatmadı. Öz meydanımızdakı matçda qələbəyə layiq idik. Təəssüf ki, penaltilər seriyasında rəqibə uduzduq və ÇL-də yolumuza davam edə bilmədik. Bu cür məğlubiyyətləri qəbullanmaq bir az çətin oldu.
- Maraqlıdır, alban dilində artıq az-az da olsa, danışa bilirsən?
- Sadəcə təməl sözləri öyrənmişəm. Buna da danışmaq deməzdim (gülür).
Lakin düşünürəm ki, zamanla daha çox sözlər öyrənib, ən azından bəzi cümlələri qura biləcəm. Kursa da gedirəm, daha yaxşı olacaq.
- “Eqnatiya”da daimi oynayacağın təqdirdə yəqin ki, Azərbaycan A millisinə düşəcəyinə, Fernando Santuşun etimadını qazanacağına inanırsan?
- Əlbəttə, inanıram. Əsas hədəfim elə Azərbaycan milli komandasının formasını geyinməkdir. Düzünü deyim, legioner həyatı yaşamağı da buna görə seçmişəm. Bilirəm ki, “Eqnatiya”da etibarlı, daimi və yaxşı oynayacağım təqdirdə, Azərbaycan millisində mənə də şans gələcək. Bunun üçün əlimdən gələni edəcəm. Hər şeyin belə olacağına inanıram. İndi isə bütün fikrim “Eqnatiya”dakı performansıma yönəlib.
- Demək olar ki, artıq “Enqatiya”nın oyun sisteminə, oyun stilinə, komandaya uyğulaşmısan və baş məşqçi Edlir Tetovanın start heyətində güvəndiyi oyunçuya çevrilmisən?
- Elədir ki, var, artıq komandaya uyğunlaşmışam. Çox qısa zamanda bunu edə bildim. Edlir Tetova da mənə etimad göstərir. Bunun da qarşılığını vermək üçün var gücümlə çalışıram. Tetovaya da təşəkkür edirəm ki, mənə etimad göstərir.