"Zaqatala" nın baş məşqçisi: “Bu boyda camaatın sevinci ürəyində qalmaz”
17.05.2023 - 12:10
"Zaqatala" nın baş məşqçisi: “Bu boyda camaatın sevinci ürəyində qalmaz”

"Premyer Liqada iştirak etməyimizlə bağlı məlumat həqiqətən doğru olsa, bu, çox xoşdur”.

Bunu apasport.az saytına "Zaqatala" nın baş məşqçisi Rüstəm Məmmədov deyib.

Gənc çalışdırıcı bölgə təmsilçisinin Misli Premyer Liqasında oynamaq üçün lisenziya almasından sonra komandanın elitaya buraxılma ehtimalına münasibət bildirib: “Bunun üçün indidən bütün hazırlıqlarımızı başlamalıyıq. Çünki vaxt çox qısa olacaq. Oyunçularla danışıq gedəcək. Bilmirik, legioner, limit məsələsi necə olacaq. Bununla bağlı çətinliyimiz ola bilər”. 

Məmmədov qeyd edib ki, Premyer Liqaya buraxılmaqla bağlı dəqiq məlumat yoxdur: “Amma hazırda Premyer Liqada iştirak edəcəyimizlə bağlı tam təsdiq olunan məlumat yoxdur. Rəhbərlik mənə Premyer Liqada olacağımızı, işimizi bu yöndə görməyə başladığımızı desə, onda artıq dəqiq ona uyğun davam edəcəyik. Zaqatalanın 70 faizi zəng edir, hamı məlumat almaq istəyir, təbriklərini çatdırır. Allah qoysa, düz olar, Premyer Liqada oynayarıq və bu boyda camaatın sevinci ürəyində qalmaz".

Qeyd edək ki, əsasnaməyə uyğun olaraq Premyer Liqanı sonuncu yerin sahibi tərk etməli, I divizionun qalibi “Araz Naxçıvan” elitaya yüksəlməlidir. Lakin Muxtar Respublika təmsilçisi kimi “Zaqatala”ya da lisenziya verilməsi qeyri-müəyyənlik yaradıb. Premyer Liqada komanda sayının 12-yə çatdırılması və ya “Zaqatala”nın “Araz Naxçıvan”ın yerinə yüksək dəstəyə yüksələcəyi ehtimalları mövcuddur.

writer photo
Əlirza Əlirzalı
0