Zaur Həşimov: “İndidən deyə bilərik ki, "Qarabağ" "Linkoln" səddini keçəcək" - MÜSAHİBƏ
13.07.2023 - 12:08
Zaur Həşimov: “İndidən deyə bilərik ki, "Qarabağ" "Linkoln" səddini keçəcək" - MÜSAHİBƏ

“Qarabağ”ın veteran futbolçusu Zaur Həşimovun apasport.az saytına müsahibəsi 

- “Qarabağ” Çempionlar Liqasında “Linkoln”la ilk matçda qələbə qazandı. Amma çətin alındı. Belə olacağını ehtimal edirdiniz?
- "Linkoln"un üstünlüyü o idi ki, evdə, həm də süni meydanda oynayırdı. Onlar bütün komanda ilə müdafiə olunub əks-hücumlara bel bağlayırdılar. Bu hücumların birində hesabı açdılar. "Qarabağ" təcrübəli komanda olduğu bir daha göstərdi. Səbirlə sona qədər mübarizə apardılar. Geridönüş edib Bakıya qələbə ilə qayıtdılar. Belə olacağını ehtimal edirdim.

- İlk oyunda “Qarabağ” avrokuboklara neçə faiz hazır olduğunu gördüz?  
- Startda futbolçuların optimal formada olması mümkün deyil. Növbəti mərhələdə daha hazırlıqlı "Qarabağ" görəcəyik.

- Son dəqiqədə vurulan qol haqda hansı fikirdəsiniz? Bu qol sayəsində demək olar ki, artıq “Qarabağ” “Linkoln” səddini keçdi?
- Son dəqiqələrdə vurulan qol "Qarabağ"ın bütün vəziyyətlərdə təcrübəyə malik olduğunu göstərir. Bəli, artıq indidən deyə bilərik ki, "Qarabağ" "Linkoln" səddini keçəcək. 

- Bakıdakı matçla bağlı fikriniz necədir?
- Eyni ssenarini görəcəyik. "Linkoln" daha çox müdafiədə oynayacaq, müdafiə olunacaq. "Qarabağ" evdə bu üstünlüyü əldən verməyəcək. Təmsilçimizə inanırıq.

- “Qarabağ” üçün avrokubokların ilk oyunu hər zaman bilirik ki, çətin alınır. Ötən mövsümkü “Lex”- “Qarabağ” matçı ilə müqayisədə “Qarabağ” daha yaxşı oynadı, ya bir il öncə ilk matçını daha yaxşı keçirmişdi?
- "Lex" və "Linkoln"u müqayisə etmək düzgün olmaz. Səviyyə baxımından "Lex" çox fərqlidir. Bu dəfə "Qarabağ" daha çox hücumda oynadı. Bu mövsüm ilk mərhələ üçün püşk "Qarabağ"a uğurlu oldu. 

- “Qarabağ” futbolçularından xüsusi olaraq kimi fərqləndirərdiz? “Rizəspor”a keçəcəyi gözlənilən Kevin Medina oyuna köklənməyində problem görmədiz ki?
- İlk hissədə Nəriman Axundzadə və Leandro Andrade daha aktiv görünürdülər. İkinci hissədə isə bütün komanda tempi artırdı. Əvəzetmələri də qeyd edərdim. Bu səbəblər sonda qələbə qolunun vurulması ilə nəticələndi. Kevin Medinanın oyuna köklənə bilmədiyini deməzdim. Həmin epizodda rəqibə də ustalıqla davranmışdı. 

- Yeri gəlmişkən, Nəriman Axundzadə barədə fikrin necədir? İki qol epizodu var idi. Səncə, o, əsas heyətdə oynamağa davam edə biləcək?
- Qurban Qrubanov heyətdə Hamidu Keytanı da oynada bilərdi. Görünən odur ki, onu çempionat oyunlarında da düşünür. Yerli limitini nəzərə alır. Bu yaşda Nərimana dəstək verir. Nərimanın əsas milliyə düşə biləcək potensialı var. O, bu fürsəti dəyərləndirməlidir.

- “Qarabağ”ın hazırkı yığılan heyəti komandanı ÇL-də qruplara qədər aparmasına kömək ola biləcək?
- "Qarabağ" hazırkı və ya daha güclü heyətlə olsa belə, Çempionlar Liqasının qrupuna düşməsi çox çətindir. Reallıq bizə belə deməyi vadar edir. Ancaq hər il onların bunun üçün mübarizə apardığını bilirik. "Qarabağ" və bu il bizi Konfrans Liqasında təmsil edəcək komandalarımıza uğurlar arzulayıram.

writer photo
Əlirza Əlirzalı
0