“Zirə”nin sabiq baş məşqçisi, hazırda bu klubun akademiyasının rəhbəri kimi çalışan Zaur Həşimov apasport.az saytına müsahibə verib.
- "Zirə" "DAK 1904" klubuna 4:0 hesabı ilə qalib gəlməyi bacardı. Matçdan öncə hesabın belə ola biləcəyini ehtimal edirdin?
- "Zirə"nin qələbə qazanacağına inanırdım. Hətta bunu öncədən də demişdim. Amma bu qələbənin bu cür böyük hesabla olacağını düşünmürdüm. Hər halda, komanda çox yaxşı oyun göstərərək layiqli qələbəsini qazandı.
- “Bir komandanın baş məşqçisi ispandırsa, o komanda pis futbol oynaya bilməz” düşüncəsi çox adamda var idi. Bəs sən, "DAK 1904"dən gözlədiyin oyunu, performansı görə bildin, yoxsa daha güclü komanda gözləyirdin?
- Bəli, əfsuslar olsun ki, belə bir anlayış formalaşıb. Bir komandanın baş məşqçisi ispandırsa, o komanda mütləq nəticə verəcək. Amma biz praktikada dəfələrlə görmüşük ki, bu heç də belə olmayıb. "DAK 1904" öz oyun dəsti-xətti olan intizamlı komandadır. Hətta hesab 4:0 olanda belə onlar öz oyun intizamını pozmadılar. Bu oyunda "Zirə"nin baş məşqçisi ispan olan rəqibi üzərində inamlı qələbə qazanması çox sevindiricidir. Komandanı təbrik edirəm.
- "Zirə" "Şerif"lə matçda üzücü məğlubiyyət almışdı. Yəqin ki, komandanı daha çox psixoloji yöndən hazırlamaq daha vacib idi? Rəşad Sadıqovun bunu bacardığını söyləmək olar. "Şerif"lə görüşdə məğlub olan komandadan daha fərqlisi, istəklisi göründü meydanda?
- "Zirə" "Şerif" səddini keçməyə çox yaxın idi. İlk oyunda qələbə qazandıqları və evdə hesabda öndə olduqları oyunda penaltilər seriyasında məğlub oldu... İstənilən halda, mən Rəşad Sadıqovun komandasını növbəti oyuna yaxşı hazırlayacağını bilirdim. O, çox yaxşı motivatordur. Dünənki oyunda da bunun şahidi olduq. “Zirə” çox yaxşı futbol nümayiş etdirdi.
- İlk oyundakı 4:0 hesablı qələbə "Zirə"ni növbəti mərhələyə nə dərəcədə yaxınlaşdırır? Amma Rəşad Sadıqov bildirir ki, rəqib çox aqressiv idi və bizi amansız mübarizə gözləyir. Səncə, komandasının arxayınlaşmaması üçün söyləyir, yoxsa "DAK 1904" həqiqətən də hələ də təhlükəli komanda kimi görünür?
- Rəqibin baş məşqçisinin açıqlamasından görünür ki, onlar təslim olmayıblar. Evdə güclü azarkeş dəstəyi ilə sona qədər mübarizə aparacaqlar. Düzdür, 4:0 böyük fərqdir. İnanmıram ki, Slovakiyada hansısa sürprizlə qarşılaşaq. Amma futbolda oyundan əvvəl verilən proqnozların alt-üst olduğunu da görmüşük. Lakin istənilən halda, komandamıza inanıram.
- Ötən mövsümlə müqayisədə "Zirə"nin hücum xəttində Davit Volkov, Rafael Utziq və Junior Martinş yer alır. Bu üç futbolçunun "Zirə"də əməlli-başlı fərq yaratdığı, effektivlik göstərdiyini demək olar? Yəni, bu üç futbolçu ilə "Zirə"nin vazkeçilməz oyunçuları ola bilər bu sezon üçün?
- Hər üç oyunçu uğurlu transferdir. Dünən hər üçü də qol vurdu. Oyunlar keçdikcə, onlar bir-birini daha da yaxşı anlayıb, çox effektiv trio olacaqlar. Buna çox inanıram. "DAK 1904"lə görüşdə də bunu görmək mümkün idi.
- "Zirə" bu mərhələni adlayacağı təqdirdə, böyük ehtimalla Xorvatiyanın "Osiyek" klubu ilə qarşılaşacaq. Rəqibini 5:1 məğlub ediblər. Necə düşünürsən, "Osiyek" "Zirə" üçün arzuolunmaz rəqib kimi görünür, yoxsa onlarla da bacarmaq mümkündür?
- Növbəti mərhələ haqda nəsə demək istəmirəm. Futbolda tələskənlik etmək düzgün deyil. Hər şeyi 100 faiz həll etdikdən sonra növbəti mərhələ haqda danışmaq olar.
- Ümumiyyətlə, "Zirə", sizcə, Konfrans Liqasında da qruplara düşməyə hazırdır? Bu potensialı görürsüz, yoxsa hazırkı heyət və bu oyunla çətin görünür?
- Əlbəttə ki, Konfrans Liqasında qruplara düşmək olar. Hazırkı ilk 11-lik bunu deməyə imkan verir. Ancaq ümumən heyət baxımından nəzər salsaq, bir neçə transferlə güclənməyə də ehtiyac var. Yoxsa belə "Zirə" yaxşı komandadır və yaxşı da futbol oynayır.