“Zirə”nin şikayəti qismən təmin olundu
28.09.2023 - 17:18
“Zirə”nin şikayəti qismən təmin olundu

AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, bunu qurumun mətbuat xidməti açıqlayıb.

Yığıncaqda “Zirə” tərəfindən verilən apelyasiyaya baxılıb. Klubun şikayəti qismən təmin edilib.

Misli Premyer Liqasının VI turunun “Zirə” – “Sumqayıt” matçında birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanan və klubunu 1500 manat cəriməyə məruz qoyan Pyer Zebli ilə bağlı İntizam Komitəsinin qərarı dəyişdirilib. Cəzanın çəkilməmiş hissəsi, yəni 1 oyunluq diskvalifikasiya şərti tətbiq ediləcək. 

Bunun üçün 3 ay sınaq müddəti verilib. Bu müddət ərzində Pyer İntizam Məcəlləsi ilə nəzərdə tutulmuş hər hansı pozuntunu törətdikdə 1 oyunluq cəza həmin sanksiyanın üzərinə gələcək.

Qeyd edək ki, 1500 manatlıq cərimə sanksiyası isə qüvvədə saxlanılıb. Maraqlı tərəflərə Apelyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü izah edilib.

writer photo
Əlirza Əlirzalı
0