"Sabah"ın baş məşqçisi: "Azərbaycan basketbolunu Avropada layiqincə təmsil etdik"
14.11.2024 - 09:17
"Sabah"ın baş məşqçisi: "Azərbaycan basketbolunu Avropada layiqincə təmsil etdik"

"Düşünürəm ki, məğlub olduğumuz oyunlara baxmayaraq, Azərbaycan basketbolunu Avropada layiqincə təmsil etdik".

Apasport.az xəbər verir ki, bunu "Sabah" basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis İsveçdə "Norrçepinq Dolfins"ə 83:75 hesabı ilə qalib gəldikləri FIBA Avropa Kubokunun G qrupundakı matç barədə fikirlərini bölüşüb:

“Qalib gəldiyimiz üçün şadam. Biz bu qələbəyə layiq idik! Təslim olmadıq. İntensiv məşqlərimiz oldu və bəhrəsini bu oyunda gördük. Lakin təəssüf ki, rotasiya ilə bağlı problemlər əvvəlki 3 görüşdə təsirini göstərdi. Qələbəyə yaxın olsaq da, yekunda cəmi 1 və 4 xal fərqi ilə uduzduğumuz oyunlar oldu. İsveçdə daha hiyləgər, gücümüzü düzgün bölüşdürərək oynadıq. Bu matçda komandada irəliləyiş gördüm".

Qeyd edək ki, "Sabah" daha əvvəl hər iki görüşdə Yunanıstanın "Marussi" kollektivinə uduzub - 70:82, 71:82. Azərbaycan komandası həmçinin qrupda keçirdiyi digər oyunlarda Belçikanın "Spiru" klubuna evdə 68:78, səfərdə 81:82, "Norrçepinq Dolfins"ə isə Bakıda 70:74 hesabı ilə yenilib.

writer photo
Əlirza Əlirzalı
0