Dünən keçirilən Qətər – Ekvador oyunu ilə dünya çempionatı start götürüb.
Apasport.az saytının məlumatına görə, IFFHS Cənubi Amerika təmsilçisinin 2:0 hesabı ilə qalib gəldiyi görüşdə qeydə alınmış maraqlı statistik məqamları açıqlayıb.
- Asiya Konfederasiyasından indiyədək heç bir komanda dünya çempionatındakı debüt oyununda qalib gəlməyib. Qətər bu ənənəni davam etdirib.
- Qətər mundiallar tarixində açılış matçında məğlub olan ilk ev sahibi ölkədir. Əvvəlki 22 belə görüşün 16-da meydan sahibləri qalib gəlib, 6-da heç-heçə edib.
- Ekvador son 7 oyununun hamısında qapısını toxunulmaz saxlayıb. Julian Alvares (Argentina) onlara qol vuran sonuncu oyunçudur (30 mart 2022-ci il).
- İlk dueldə qapılara cəmi 11 zərbə (Qətər - 5, Ekvador - 6) olub. 1966-cı ildən bəri heç bir dünya çempionatı oyununda bundan az cəhd qeydə alınmayıb.
- Qətər qarşılaşmanı çərçivəyə bir dəfə də olsun zərbə vurmadan tamamlayıb. Bu, mundiallar tarixində ev sahibi ölkələrin ikinci belə uğursuz göstəricisidir. İlk belə hadisə 1994-cü ildə ABŞ-ın Braziliya ilə görüşdə dəqiq zərbə vura bilməməsi ilə yaşanıb.
- Qətər 1978-ci ildə Almaniyadan (Polşaya qarşı) və 2018-ci ildə Səudiyyə Ərəbistanından (Rusiyaya qarşı) sonra dünya çempionatının açılış oyununda çərçivəyə zərbə vura bilməyən 3-cü komandadır.
- Dünya çempionatları tarixində ilk dəfə açılış qolu penaltidən vurulub və buna Enner Valensiya (Ekvador) imza atıb.
- Valensiya həm də açılış matçının birinci hissəsində dubl edən ikinci oyunçudur. Birincisi 1934-cü ildə Angelo Skiavio olub (İtaliya - ABŞ – 7:1).
- Valensiya 1986-cı ildə Bolqarıstanla oyunda 30 yaş 184 günlüyündə qol vuran Alessandro Altobellini geridə qoyaraq, DÇ-də ilk qola imza atan ən yaşlı futbolçu (33 yaş 16 gün) olub.
- Hər iki komandanın heyətini nəzərə aldıqda Enner Valensiya mundial təcrübəsi olan yeganə futbolçudur (3 oyun). Belə hal sonuncu dəfə 1962-ci ildə görülmüşdü. Həmin vaxt Çarlz Antenen (İsveçrə) Çili ilə açılış oyununda (1:3) bütün 22 iştirakçı arasında dünya çempionatı təcrübəsi olan yeganə oyunçu idi.