Adil Şükürov: “Azərbaycan tarixinin ən zəif komandası kimi yaddaşlarda iz qoyacaq”
14.11.2024 - 16:18
Adil Şükürov: “Azərbaycan tarixinin ən zəif komandası kimi yaddaşlarda iz qoyacaq”

"Aşağı yaş qruplarında məğlub olmağımızın əsas səbəblərindən biri liqalarda oynayan komandalar arasında rəqabətin çox aşağı olmasıdır. Bu da futbolçuların inkişafına təsir edir". 

Bu sözləri apasport.az saytına açıqlamasında Adil Şükürov deyib.

Təcrübəli mütəxəssis milli komandaların aldığı ardıcıl məğlubiyyətləri dəyərləndirib: "Ümumi danışsaq, komandalarda proqramlaşdırılmış iş qurulmalıdır. Çünki hər hansı bir keyfiyyətin inkişafı müəyyən yaş qruplarında futbolçulara aşılanır. Aşağı yaş qrupunda bacarığın inkişafı üçün lazım olan məşq kompleksi verilmədiyi halda, böyüdükdən sonra o bacarığı daha az inkişaf etdirmək mümkün olur. Bu da sonda ümumi inkişafda geri qalmağa gətirib çıxarır. Bəzən hətta əsas komandalarda olan istər yerli, istərsə də legioner futbolçularda bunun şahidi oluruq. Amma bunların hamısının təməlində akademiya sistemi durur. Akademiya deyildikdə uşaqların yatması, qidalanması, dincəlməsi, intellektual inkişafı və bir çox işlər nəzərdə tutulur".

Şükürov əsas millimizin Estoniyaya qarşı keçirəcəyi matç barədə düşüncələrini də bölüşüb: "Əvvəlki müsahibələrin birində qeyd etmişdim ki, Estoniya qrupda əsas rəqibimizdir. Biz Estoniya millisini hər iki oyunda məğlub edib, digər komandalardan xal almaqla qrupda 2-3-cü yerlər uğrunda mübarizə apara bilərik. Lakin millimiz Estoniya yığmasıyla ilk oyunda göstərdi ki, komanda qrup sonuncusu olmamaq üçün mübarizə aparacaq. Bu da hamını xəyal qırıqlığına uğratdı. Çünki keçən tsikllarda hamı millini tarixin ən güclü yığması kimi görürdü. Millidə yaxşı futbolçular da var. Lakin onları bir yerə topladıqdan sonra meydançada nə edəcəkləri və necə oynayacaqları barədə məlumat da vermək lazımdır. Əslində milli səviyyəsində oynayan futbolçuya sadəcə tələblər deyilir və motivasiya edilərək meydançaya buraxılır. Düşünürəm ki, Estoniyaya məğlub olacağımız təqdirdə komandanın D Liqasına düşəcəyini oyunçulara daha yaxşı izah etmək lazımdır. Bununla da, həmin heyət Azərbaycan tarixinin ən zəif komandası kimi yaddaşlarda iz qoyacaq. Hamımızın millidən qalibiyyət gözlədiyini futbolçulara bildirmək lazımdır".

Qeyd edək ki, Millətlər Liqasının V turunun Azərbaycan - Estoniya matçı noyabrın 16-da keçiriləcək.

İsmayıl Xeyrullayev

writer photo
Əlirza Əlirzalı
0