Argentinaya GÜLÜNC MƏRC
15.12.2022 - 11:37
Argentinaya GÜLÜNC MƏRC

Bukmeker kontorlarından birində qeyri-adi mərc qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, ingiltərəli proqnozsevər Qətərdəki DÇ-2022-nin qalibi ilə bağlı təxmini ilə özünü gülüş mənbəyinə çevirib.

Mundialın başlamasına təxminən bir ay qalmış bukmeker kontoruna yollanan müştəri Argentinanın çempionluğuna pul qoyub. O, 38 funt sterlinqlə risk edib.

Betterin mərci 28 əmsalla qəbul olunduqdan sonra çempionat boyu Argentinaya azarkeşlik edib. Bu da təsadüfi deyil. Axı proqnozsevər 1064 funt qazanmaq xəyalı ilə yaşayırdı.

Amma bu xəyallar yarımfinaldan sonra alt-üst olub. Argentina Xorvatiyanı 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

Bu qələbəyə uşaq kimi sevinən better 1064 funtun bir addımlığında olduğunu dostları ilə bölüşüb. Sevincək şəkildə kuponunu onlara nümayiş etdirən Uotford sakini məhz həmin vaxt gülünc vəziyyətə düşüb.

Məlum olub ki, britaniyalı Argentinanın çempionluğuna pul qoyarkən DÇ-2022 deyil, başqa turniri seçib. O, cənubi amerikalıların 2023-cü ildə keçiriləcək reqbi üzrə dünya çempionu olacağına pul qoyubmuş. Həmin yarışda isə Argentina autsayderlərdən biri hesab edilir.

Qeyd edək ki, mundial öncəsi Argentinanın çempionluq əmsalı reqbidəki kimi 28 deyil, 6,80-ə bərabər olub.
 

writer photo
Əlirza Əlirzalı
0