Arif Əsədov: “Aşağı yaş millilərimizin ardıcıl məğlub olmaları təsadüfi deyil”
15.11.2024 - 10:51
Arif Əsədov: “Aşağı yaş millilərimizin ardıcıl məğlub olmaları təsadüfi deyil”

"Aşağı yaş qrupları üzrə millilərimizin ardıcıl məğlub olmaları təsadüfi deyil. Çünki bu, artıq bizdə qlobal bir hal alıb".

Bu sözləri apasport.az saytına açıqlamasında Arif Əsədov deyib.

Təcrübəli çalışdırıcı futbol millilərimizin ardıcıl məğlubiyyətlərinə münasibət bildirib: "Futbolçu qıtlığı, onların çıxış etdikləri çempionatların səviyyəsinin aşağı olması, gənc oyunçuların beynəlxalq turnirlərdə az-az iştirak etməsi və ümumi infrastruktur - bütün bunların hamısı təbii ki, təsir göstərən amillərdir. Çünki bizim azyaşlı futbolçular mötəbər turnirlərdə iştirak edərkən xarici ölkələrdən olan həmyaşıdlarından mənfi mənada seçilirlər. Rəqiblərin ora hansı şəraitdə gəlməsi aşkar hiss olunur. Ona görə də, bu, qlobal bir problemdir. Hər il deyirik ki, bu nəsil gedib yeni nəsil gələcək, amma gənc nəsil köhnədən də pis olur.

Düşünürəm ki, futbolumuzun gələcəyi ilə bağlı yeni strategiya yaradılacaq. Aşağı yaş qruplarına diqqət yetirmək çox vacib bir məsələdir.”

Əsədov əsas millimizin Estoniyaya qarşı keçirəcəyi matç barədə düşüncələrini də bölüşüb: “Bu, yığmamız üçün çox vacib bir oyundur. Çünki bu görüşdən çox şey asılı olacaq. Qələbə qazanmalıyıq ki, C Liqasında mübarizəmizi davam etdirək. Fikrimcə, komandamız qalib gəlməyə qadirdir. Oyunun gedişatından çox şey aslı olacaq. Millimiz ilk dəqiqələrdən matça necə başlayacaqsa, görüş elə də davam edəcək. Rəqib qapalı oynayan komandadır. Qarşılaşmanın əvvəlində vurulan qol bizi rahatlada bilər. Təbii ki heyətdə problemlər var. Lakin buna baxmayaraq, matça kimin çıxmasından asılı olmayaraq, yığmamız qalib gəlməyə qadirdir”.

Qeyd edək ki, Millətlər Liqasının V turunun Azərbaycan - Estoniya matçı noyabrın 16-da keçiriləcək.

Hacı Heydər

writer photo
Əlirza Əlirzalı
0