“Neftçi” “Qarabağ”ı keçdi - son 18 ilin rekordu
21.12.2022 - 13:18
“Neftçi” “Qarabağ”ı keçdi - son 18 ilin rekordu

“Neftçi” Azərbaycan kubokunda yeni rekorda imza atıb. 

Apasport.az saytının məlumatına görə, Bakı klubu 19-cu dəfə yarımfinalda oynamaq hüququ qazanıb. 

“Ağ-qaralar” buna 1/4 finalda “Zirə”ni mübarizədən kənarlaşdırmaqla nail olub – 0:1, 3:1. “Neftçi” yarımfinal sayında “Qarabağ”ı keçib. Ağdamlılar 18 dəfə bu mərhələdə iştirak edib.

“Qarabağ”ı yarışdan kənarlaşdıran “Qəbələ” iki oyunun yekunundakı (2:2, 1:0) qələbə ilə 10-cu dəfə bu raunda vəsiqə qazanıb. “Qırmızı-qaralar” bu göstəricidə turnirin tarixində 4-cüdür.

“Səbail” və “Turan Tovuz” isə ilk dəfə 1/4 final səddini adlayıb. Bakılılar yarımfinala yüksələn 30-cu, qərblilər isə 31-ci komandadır.

Bununla da 1/4 final səddini ilk dəfə adlayanların sayında son 18 ilin rekordu qeydə alınıb. İlk dəfə yarımfinal oynayacaq komandaların sayının birdən artıq olması sonuncu dəfə 2004/05 mövsümündə qeydə alınıb.

Həmin vaxt üç komanda – “Xəzər Lənkəran”, “MKT-Araz” və “İnter” tarixdə ilk dəfə kubokun yarımfinalında oynayıb. Bu mərhələ təcrübəsinə malik yeganə klub “Bakı” olub ki, sonda yarışın qalibi adını da onlar qazanıb.
 

writer photo
Əlirza Əlirzalı
0