22-ci dəfə təşkil olunacaq dünya çempionatı tarixdə ilk dəfə qış aylarına təsadüf edəcək. Apasport.az saytının məlumatına görə, bu, bir çox ölkələrin çempionatında fasilə yaranmasına səbəb olacaq.
Xüsusən də, “Top-5” liqalar mundiala daha çox oyunçu göndərdiyindən, həmin ölkələrdə uzunmüddətli fasilə yaranacaq. Görək, “böyük beşlik” ölkələrinin elitasında fasilə və bərpa tarixi nə vaxta planlaşdırılıb.
İngiltərə Premyer Liqası
“Dumanlı Albion”da mundiala qədər 16 turun geridə qalması planlaşdırılırdı. Kraloça II Elizabetin ölümü bir turun və əlavə bir neçə oyunun təxirə salınmasına səbəb olub. Ancaq yenə də futbolçular noyabrın 12-13-də XVI tur matçlarını keçirdikdən sonra yığmalara qoşulacaqlar. Çempionat bir də yeni il öncəsi, dekabrın son həftəsində bərpa olunacaq.
İspaniya La Liqası
Mövsümə “böyük beşliy”in digər ölkələrindən bir həftə gec start götürən ispanlar buna baxmayaraq, DÇ-2022 öncəsi də hamıdan tez fasiləyə çıxacaqlar. La Liqada 8-10 noyabr tarixlərində XIV turun görüşləri olacaq və ardından fasilə yaranacaq. Növbəti tur isə dekabrın 31-də reallaşacaq.
İtaliya A seriyası
A seriyasında iştirak edən yerli futbolçular mundialı evdən izləməli olacaqlar. Noyabrın 8-10-da XIV turun görüşləri keçiriləcək və ayın 11-də XV tura start veriləcək. Maraqlıdır ki, İtaliya çempionatının bərpası daha uzun çəkəcək. Komandalar bir də gələn il yanvarın 3-də XVI tur matçlarında üz-üzə gələcəklər. A seriyası rəhbərliyi bununla oyunçulara yaxşı istirahət imkanı yaratmaq istəyir.
Almaniya Bundesliqası
Bundesliqa dünya çempionatına görə ən uzunmüddətli fasiləyə ayrılacaq liqadır. 13 noyabrdan etibarən yaranacaq fasilə düz iki ay davam edəcək. Yarış yanvarın 20-də XVI turun “Leypsiq” – “Bavariya” qarşılaşması ilə qaldığı yerdən davam edəcək.
Fransa Liqa1-i
Liqa1-də XV tur noyabrın 13-nə təsadüf edəcək. Bunun ardından futbolçular klublarını tərk edərək mundial üçün yığmalarına qoşulacaqlar. Çempionatın bərpası isə dekabrın 28-də baş tutacaq.
Qeyd edək ki, DÇ-2022 20 noyabr – 18 dekabr aralığında keçiriləcək.