"Mançester Siti"nin hücumçusu Erlinq Holan bu gün "Lids"lə (3:1) oyunda dubl etməklə bir sıra möhtəşəm göstəricilərə imza atıb.
Apasport.az xəbər verir ki, o, Premyer-liqada qollarının sayını 20-yə çatdırıb.
Norveçli hücumçu 14 matça bunu etməklə rekord müəyyənləşdirib. Bunadək rekord "Sanderlend"in futbolçusu Kevin Filipsə aid idi. O, 1999/2000 mövsümündə 21 oyuna 20 qol vurmuşdu.
Lids doğumlu 22 yaşlı futbolçu Pep Qvardiolanın rəhbərliyi altında 20 oyuna 26 qol vurub. Bunadək Qvardiolanın tələbələrindən bu qədər tez zaman müddətində qol vuran futbolçu Lionel Messi olub. Messi 28 matça 25 qol vura bilmişdi. Qvardiolanın tələbələri arasında ən yaxşı nəticə isə "Siti"də çıxış etmiş argentinalı hücumçu Serxio Aqueroya məxsusdur.
Həmçinin, Erlinq Holan "Top-5" liqalar içərisində 20 qol vuran ilk futbolçu oldu. Onun ən yaxın izləyiciləri "Totenhem"dən Hari Keyn və "Barselona"dan Robert Levandovskidir. Hər iki futbolçu 13 qol vurub.