Paris-2024: Bu gün 6 idmançımız mübarizəyə başlayır
29.07.2024 - 09:14
Paris-2024:  Bu gün 6 idmançımız mübarizəyə başlayır

Daha 6 idmançımız bu gün Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

Apasport.az xəbər verir ki, ilk olaraq badmintonçumuz Keişa Fatimə Zəhra yarışa qoşulacaq.

İdmançımız saat 10:30-da N qrupunun II matçında Böyük Britaniya təmsilçisi Kirsti Gilmurla qarşılaşacaq.

Saat 12:00-da isə Azərbaycanın cüdo üzrə dünya çempionu, millimizin lideri Hidayət Heydərov 73 kq çəki dərəcəsində Tohar Butbul (Serbiya) / Messaud Dris (Əlcəzair) cütünün qalibi ilə üz-üzə gələcək.

Ardınca qılıncoynatma yarışları başlayacaq. Təmsilçimiz Anna Başta 1/16 finalda Hon Yu Yanla (Çin) münasibətlərinə aydınlıq gətirəcək.

Boksçuların mübarizəsində isə Məhəmməd Abdullayev (+92 kq) Nelvi Tiafakla (Almaniya) güclünü ayırd etməyə çalışacaq.

Günün sonuna yaxın azarkeşlər yenidən badmintonçuların mübarizəsinə şahidlik edəcəklər. Kişilərin yarışında E qrupunun ilk görüşündə təmsilçimiz
Edi Reski Dviçayo Kollins Filimona (Avstriya) rəqib olacaq.

Sonda isə boksçu Malik Həsənov (63,5 kq) Laşa Quruli (Gürcüstan) ilə 1/8 final görüşünə çıxacaq.

writer photo
Əlirza Əlirzalı
0