Avropada 2021/22 mövsümünə Çempionlar Liqasının (ÇL) final oyunu ilə yekun vurulub.
Apasport.az saytının məlumatına görə, həlledici qarşılaşma Fransanın paytaxtı Parisdə baş tutub.
Qitənin ən nüfuzlu klub turnirinin finalında “Real”la “Liverpul” üz-üzə gəlib. ÇL-in ən titullu komandası “Real” 17-ci, “Liverpul” isə 10-cu final görüşünə çıxıb.
Matçın taleyini ikinci hissədə vurulan bir qol həll edib. Vinisyus Juniorun 59-cu dəqiqədə vurduğu yeganə top ispanları qələbəyə daşıyıb.
Bununla “Real” 2018-ci ildən sonra ilk, ümumilikdə isə 14-cü dəfə kuboku muzeyinə apararaq, rekordunu yeniləyib. Üç ildən sonra yenidən final həyəcanı yaşayan “Liverpul” isə 7-ci titulunu qazanmağı bacarmayıb.
Çempionlar Liqası
Final
28 may
23:00. “Liverpul” (İngiltərə) – “Real” (İspaniya) – 0:1
Qol: Vinisyus Junior, 59
Baş hakim: Kleman Turpin (Fransa)
Paris. “Stad de Frans”