Əfran İsmayılov: "Qarabağ" cütün taleyini səfərdə həll edə bilər" - MÜSAHİBƏ
11.07.2023 - 15:28
Əfran İsmayılov: "Qarabağ" cütün taleyini səfərdə həll edə bilər" - MÜSAHİBƏ

"Qarabağ"ın veteran futbolçusu Əfran İsmayılovun apasport.az saytına müsahibə verib. 

- "Qarabağ"ı yəqin ki, yoxlama görüşlərində izlədin. Bu komanda səndə hansı təəssüratı yaratdı? 
- Yoxlama görüşü nə qədər önəmli olsa da, bir o qədər də əhəmiyyətsizdir. Çünki uşaqları yoxlayırlar, taktiki gedişlərə baxırlar. "Qarabağ" həmişə yoxlama görüşlərini udub da, uduzub da. Adı üstündə hazırlıqdır və bunu keçdilər. İndi isə oyun gəlir. Çempionlar Liqası elə turnirdir ki, hamı üçün xüsusidir. Allah qoysa, "Qarabağ" yenə qruplara qalar və tarixin üzərinə tarix yazarlar. "Linkoln" çətin rəqibdir. Çünki onları tanımırıq, bilmirik. 

- "Qarabağ"ın " Linkoln"la oyunu haqda hansı fikirdəsən? 
- Süni meydanda oynayırlar. Bu rəqib daha istəkli olacaq. Amma nə qədər istəkli olsalar da, "Qarabağ" da "Qarabağ"dır. Təcrübə hesabına, futbolçuların səviyyəsinə və Qurban Qurbanovun savadına arxalanıb, rahat şəkildə bu mərhələni keçəcəklər.

- Rəqibin süni meydanda oynaması "Qarabağ"a problem yaradar? 
- Bəli, "Qarabağ" süni meydançada oynamağı sevmir. Amma nə qədər sevməsələr də, Bakıda da oynayıblar, səfər matçlarında da. Böyük problem olmayacaq. 

- Hamidu Keyta və Juninyonun bu gün start heyətində meydanda olacağını ehtimal edirsən? 
- Keyta Azərbaycan futbolunda öz sözünü deyib. Juninyo da yaxşı yerdən gəlib. Amma bilirsiz ki, bu cür turnirlər Azərbaycan çempionatından fərqlənir. Onların oynayıb-oynamaması barədə heç nə deyə bilmərəm. Amma ümid edək ki, xeyirli olarlar. 

- Patrik Andradenin geri qayıtmasını necə qarşıladın? 
- Patrik özünü Avropada da, Azərbaycan çempionatında da göstərmişdi. Çox səviyyəli oyunçudur. Ümid edək ki, komandaya yenə xeyir verəcək. Ən sevdiyim, bəyəndiyim oyunçulardan biridir. Onun geri qayıtması mənim üçün də xoş oldu. 

- "Qarabağ" "Linkoln" oyunların taleyini səfərdə həll edə bilər? 
- Ola bilər ki, "Qarabağ" cütün taleyini səfərdə həll etsin. Amma yenə deyirəm ki, süni meydança, birinci oyun, ilk oyunun səfərdə olması diqqətçəkən məqamlardır. İlk qarşılaşmalar hər zaman çətin olur. "Linkoln" istəkli görünəcək. Amma məncə, bu da onlara kömək olmayacaq və "Qarabağ" rahat şəkildə qələbə qazanacaq.

writer photo
Əlirza Əlirzalı
0