“Everton”un hücumçusu Rişarlison İngiltərədə klubunu dəyişə bilər.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçunun “Tottenhem”ə keçmək variantı yaranıb.
Londonlular 25 yaşlı forvard üçün qarşı tərəflə danışıq aparmağa hazırlaşır. Mersisaydlılar isə Braziliya millisinin üzvünün transferindən 60 milyon avrodan çox qazanc əldə etmək niyyətindədir. “Tottenhem”in bu şərtlə razılaşıb-razılaşmayacağı danışıqların gedişindən asılı olacaq.
Qeyd edək ki, Rişarlison ötən mövsüm bütün turnirlərdə 32 oyunda 10 qol vurub, 5 məhsuldar ötürmə verib. Onun klubla anlaşması 2024-cü ilin yayına qədərdir.