"İndiyə qədər hər şey yaxşıdır. Futbolda və həyatımda bu vacib qərarı verdiyim üçün özümlə fəxr edirəm".
Apasport.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun yeni futbolçusu Kriştianu Ronaldo deyib.
O, təqdimatı zamanı maraqlı açıqlamaları ilə yadda qalıb: "Avropada mənim işim bitib. Hər şeyi qazandım, Avropanın ən böyük klublarında oynadım. İndi sizin dediyiniz kimi Asiyada yeni bir çağırışım var.
Sevinirəm ki, "Əl-Nəsr" mənə bu fürsəti təkcə futbolun inkişafı üçün deyil, həm yeni nəsil naminə, həm də qadınlar, gənc oğlanlar üçün verdi. Bu mənim üçün çağırışdır, Eyni zamanda xoşbəxtəm və çox qürur duyuram.
Bunu heç kim bilmir, amma indi deyə bilərəm: Avropadan, Braziliyadan, Avstraliyadan, ABŞ-dan çoxlu təkliflərim var idi. Hətta Portuqaliyada bir çox komandalar mənimlə müqavilə bağlamağa çalışdılar. Amma mən bu kluba söz vermişdim ki, bu gözəl ölkədə təkcə futbol deyil, başqa şeylər də inkişaf etsin.
Mənim üçün bu, ciddi sınaqdır. Mən nə istədiyimi bilirəm, nəyi istəmədiyimi də bilirəm. Mənim üçün bu nəyisə dəyişmək, bir çox vacib aspektlərin inkişafında bilik və təcrübəmlə kömək etmək üçün yaxşı fürsətdir. Yəqin ki, çoxları bunu bilmir. Amma “Əl-Nəsr”in qadınlardan ibarət komandası da var. Fərqli perspektiv, fərqli baxış bucağı gətirmək istəyirəm, ona görə də bu fürsətdən istifadə etdim.
Çoxları öz fikrini bildirir, amma futboldan heç nə başa düşmürlər. Bildiyiniz kimi, son 10-15 ildə futbol dəyişib. Bütün komandalar daha yaxşı hazırlanıb, bütün komandalar döyüşməyə hazırdır. Dünya çempionatından danışsaq, çempionu məğlub edən yeganə komanda Səudiyyə Ərəbistanıdır. Bunu unutmayın.
Orada çoxlu sürprizlər oldu. Məsələn, Cənubi Koreya komandası, Afrika komandaları, Kosta-Rika. Əla iş gördülər. Bu gün heç bir matçda qalib gəlmək asan deyil".