“Dünya çempionatı ən böyük turnirdir, bütün ölkələr və futbolçular burada iştirak etmək istəyir”.
Bunu apasport.az saytına açıqlamasında “Turan Tovuz”un futbolçusu Henri Okebuqvu Qətərdə keçiriləcək dünya çempionatı barədə danışarkən deyib.
24 yaşlı yarımmüdafiəçi oyunçuların birbaşa klubların düşərgəsindən milliyə qoşulmasının turnirin daha sürətli keçməsinə təkan verəcəyini düşünür: “Çox rəqabətli yarış olacaq. Çünki futbolçular klublarından hazır vəziyyətdə, yaxşı formada gəlirlər. Təəssüf ki, bəzi ulduzlar mundiala vəsiqə qazana bilmədi, bəziləri isə zədəlidir. Ancaq yenə də iştirakçı komandaların hamısı hazırlıqlı yollanıb”.
Nigeriyalı Okebuqvu ölkəsinin DÇ-2022-də təmsil olunmaması fonunda azarkeşlik edəcəyi komandaları da açıqlayıb: “Heyf ki, Nigeriya dünya çempionatına vəsiqə qazana bilmədi. Mən mundial iştirakçılarından Braziliya və Seneqalı sevirəm. Ümid edirəm bu iki yığmadan biri qalib gələcək”.
Qeyd edək ki, Qətərdə keçiriləcək dünya çempionatına noyabrın 20-də start veriləcək. Açılış qarşılaşmasında ev sahibləri ilə Ekvador üz-üzə gələcək.